Azərbaycanın Argentinadakı Səfirliyinin təşəbbüsü və La Plata Dövlət Universiteti nəzdində fəaliyyət göstərən “Azərbaycanşünaslıq” kafedrasının təşkilati dəstəyi ilə ispan dilinə tərcümə edilmiş “Nəsimi poeziyası” kitabının onlayn formatda təqdimatı keçirilib.

Bu barədə ölkəmizin Argentinadakı səfirliyindən bildirilib.

Təqdimatda çıxış edən səfir Rəşad Aslanov Azərbaycanın mütəfəkkir şairi İmadəddin Nəsiminin yaradıcılığının yüz illərdir Balkan yarımadasından Hindistana və ərəb ölkələrinə qədər diqqət mərkəzində olduğunu, haqqında müxtəlif tədqiqat işlərinin yazıldığını deyib. Vurğulayıb ki, ispan dilinə tərcümə olunaraq çap edilmiş “Nəsimi poeziyası” kitabının ispandilli məkanda qüdrətli söz ustadının əsərləri ilə tanış olmaq fürsəti yaradacaq.

Nəsimişünas alim, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva şairin ədəbi irsinin Şərq miqyasında şöhrəti və əhəmiyyəti, eləcə də Nəsiminin təlqin etdiyi ümumbəşəri dəyərlər barədə danışıb.

Uruqvayın Katolik Universitetinin Humanitar Elmlər Departamentinin Ərəb və İslam araşdırmaları kafedrasının direktoru Susana Manqana klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Nəsiminin yaradıcılığında hürufi görüşlərin xüsusi yer tutduğunu bildirərək, hürufi təriqəti haqqında məlumat verib. Nəsimi yaradıcılığının əsas mövzusunun “kamil, mükəmməl insan” olduğunu bildirən S.Manqana şair üçün ayrı-seçkilik konsepsiyalarının qəbuledilməz olduğunu, insanın intellekti, mənəvi dəyərləri və daxili aləminin zənginliyinin qabardıldığını deyib.

Sonda Britaniyada yaşayan Azərbaycan əsilli müğənni və bəstəkar Sami Yusufun “Şur” muğamının çalarları ilə ərsəyə gətirdiyi “Nəsimi” kompozisiyası səslənib.