Bakı Xoreoqrafiya Akademiyasının heyəti Rusiyanın “şimal paytaxtı”na səfər edib

 

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən Əziz Qarayusifli və akademiyanın bədii rəhbəri Nailə Məmmədzadə Rusiyanın Sankt-Peterburq şəhərinə işgüzar səfər edib.

BXA-dan bildirilib ki, səfər çərçivəsində ilk görüş Sankt-Peterburq Dövlət Mədəniyyət İnstitutunda keçirilib. İnstitutun birinci prorektoru Sergey Şukşin ilə görüşdə xoreoqrafiya sənəti sahəsində kadr hazırlığı, təhsil, elmi və mədəni əlaqələrin inkişafı, birgə müsabiqələr, festivallar və konfransların keçirilməsi məsələləri müzakirə edilib. Tələbə və müəllim heyəti arasında akademik mübadilə məsələlərinə xüsusi diqqət yetirilib. Qonaqlar institutun dərs otaqları, konsert salonları ilə tanış olublar. İnstitutun xoreoqrafiya şöbəsinin müdiri, pedaqoji elmlər namizədi E.Qromova və BXA-nın bədii rəhbəri Nailə Məmmədzadə iki ali təhsil müəssisəsini maraqlandıran məsələlərə dair fikirlərini bölüşüblər. Görüşün nəticəsi olaraq iki tədris müəssisəsi arasında elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.

Sonra Mariinski Teatrında Əziz Qarayusifli və məşhur balet tənqidçisi Aleksandr Maksov arasında görüş keçirilib. Xoreoqrafiya sənətinin keçmişi, bu günü və gələcəyinə dair müzakirələr aparılıb. Növbəti görüş və müzakirə üçün razılıq əldə edilib.

BXA rəhbərliyi məşhur baletmeyster soydaşımız, Rusiyanın Əməkdar incəsənət xadimi, Sankt-Peterburq Mariinski Teatrı Primorsk səhnəsinin baş baletmeysteri Eldar Əliyevin quruluş verdiyi “Min bir gecə”, “Yatmış gözəl”, “Korsar” baletlərinin Mariinski səhnəsində nümayişinə də baxıblar. Eldar Əliyev və BXA rəhbərliyi arasında görüş keçirilib. Gələcəkdə Eldar Əliyevin iştirakı ilə BXA-da ustad dərslərinin təşkili, rusiyalı müəllimlərin akademiyada seminarlar keçməsi barədə razılıq əldə edilib. Payız aylarında seminarlara start veriləcək.

Səfər zamanı “Возрождение” teatr emalatxanasının baş direktoru Gennadi Qalitski ilə də faydalı görüş olub. G.Qalitski BXA-da aparılacaq təmir və yenidənqurma,  eyni zamanda, avadanlıq və balet paltarlarının alınmasında köməklik göstərəcəyini deyib.

Əziz Qarayusifli Sankt-Peterburqda təhsil alan BXA məzunu Murad Kərimovla da görüşüb. O, akademiya məzununun təhsili və fəaliyyəti ilə maraqlanıb və M.Kərimovu təhsilini bitirdikdən sonra BXA ilə əməkdaşlığa dəvət edib.

Səfərin sonunda isə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Soltan Qasımovla görüş keçirilib. Baş konsul istedadlı BXA məzunlarına Sankt-Peterburqda təhsillərini davam etdirməyə köməklik göstərməyə hazır olduğunu bildirib. Eyni zamanda BXA ilə Rusiya ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişafı üçün köməklik göstəriləcəyi  vurğulanıb.