Bəzi proqramlar üzrə plan yerlərinin təxminən yarısı boş qalıb

 

Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri ilə bağlı bəzi statistik göstəriciləri təqdim edib.

DİM-dən bildirilib ki, müsabiqənin nəticələrinə əsasən, bu il 10337 (Azərbaycan bölməsi üzrə 9423, rus bölməsi üzrə 914) nəfər ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olub. Onlardan 3770 nəfəri dövlət sifarişi, 6567 nəfəri ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Müsabiqənin nəticələrinə əsasən, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ayrılmış 11135 yerin 92,83 faizi dolub. Bu, son illər qeydə alınmış ən yüksək göstəricidir. Ötən il müvafiq göstərici 88,4 faiz, 2019-cu ildə isə 78,1 faiz olub.

Magistraturaya qəbul 75 proqram üzrə aparılıb və proqramlar üzrə müsabiqə vəziyyəti müxtəlif olub. Proqramlar üzrə ayrılmış plan yerlərinin dolma göstəriciləri fərqlidir. Məsələn, neft-qaz mühəndisliyi, hidrometeorologiya, geodeziya və xəritəçilik mühəndisliyi, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası, turizm, riyaziyyat, dağ-mədən mühəndisliyi, mexanika, biologiya, coğrafiya, torpaqşünaslıq və aqrokimya, balıqçılıq, bədən tərbiyəsi, əczaçılıq, MBA, nəqliyyat servisi, kosmik texnika və texnologiyalar mühəndisliyi, yanğın təhlükəsizliyi mühəndisliyi, çoxişlənən malların texnologiyası mühəndisliyi, aktyor sənəti və xüsusi təyinatlı ixtisaslara uyğun olan proqramlara ayrılmış plan yerləri 100 faiz dolub. Ancaq nəzərə almaq lazımdır ki, bu proqramların bəziləri üzrə plan yerlərinin sayı az idi və onların tam dolacağı əvvəlcədən gözlənilirdi.

Ən aşağı müsabiqə vəziyyətinin formalaşdığı kitabxanaçılıq, dinşünaslıq və xoreoqrafiya sahələrinə aid 45, 51, 69 saylı proqramlara ayrılmış plan yerlərinin 40 faizindən çoxu boş qalıb. Plan yerlərinin dolma göstəricisi üzrə ən zəif nəticə Azərbaycan İlahiyyat İnstitutuna (37,5 faiz) aiddir.