Nyu-Yorkda vaksinasiya barədə mandat qüvvəyə minib

 

ABŞ-ın Nyu-York şəhərinin yeni peyvənd haqqında mandatı çərşənbə axşamı qüvvəyə minib. Mandata əsasən, bundan sonra restoran, idman və əyləncə mərkəzləri və digər müəssisələri ziyarət edən 12 yaşdan yuxarı bütün şəxslərdən COVİD-19 əleyhinə vaksinasiya barədə sənəd tələb olunacaq.

Şəhər rəsmiləri bildirib ki, qayda qüvvəyə minsə də, sentyabr ayının 13-dək tətbiq olunmayacaq. Bundan sonra qaydalara riayət etməyən müəssisələr cərimələnəcək.

Mətbuat konfransında Nyu-York Bələdiyyəsinin başçısı Bill de Blazio restoran və əyləncə yerlərinin əksəriyyətinin yeni qaydaları dəstəklədiyini və ziyarətçilərinin və işçilərinin təhlükəsizlikdə olmasını istədiklərini qeyd edib.

Respublikaçı liderlərdən ibarət bir qrup mandata etiraz olaraq mitinq keçirib. Lakin ABŞ-da bu fikir getdikcə güclənir. Nyu-York mandatını elan edəndən sonra Nyu-Orlean və San-Fransisko oxşar planları açıqlayıb, Los-Anceles isə oxşar tədbirləri nəzərdən keçirir.