Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyrin Qlobal Dəyişikliklər İnstitutu ilə Müsəlman Dünyası Liqası təhsil sahəsində tərəfdaşlıq layihəsi həyata keçirəcək. Liqanın baş katibi Məhəmməd bin Əbdülkərim Əl-İssa və Toni Bleyr layihə ilə bağlı saziş imzalayıblar.
Mərasimdə qeyd edilib ki, bütün dünyada yaşayan 1,8 milyard gəncin bir hissəsi yoxsulluq səbəbindən normal təhsil ala bilmir, müxtəlif təhlükəli cərəyanların təsiri altına düşür. Müsəlman Dünyası Liqası və Toni Bleyr İnstitutunun üç il ərzində həyata keçirəcəkləri təhsil proqramı çərçivəsində 18 ölkədən 13-17 yaş arası 100 min yeniyetməyə təhsil və peşə vərdişlərinə yiyələnmək üzrə yardım göstəriləcək, habelə bu prosesə bütün dünyadan 2400 müəllim cəlb olunacaq.
Təhsil proqramında müxtəlif dinlər və mədəniyyətlər arasında geniş dialoq yaradılmasına da diqqət göstəriləcək. Tədris proseslərində müsəlman gənclərin digər dinlərin mənsubu olan həmyaşıdları ilə mütəmadi ünsiyyət qurması təşkil olunacaq.