Azərbaycanın ABŞ-a yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim Nyu-York və ətraf ştatlarda yaşayan həmvətənlərimizlə görüşüb.

Müxtəlif ali təhsil ocaqlarında çalışan və təhsil alan gənclər, ABŞ-da fəaliyyət göstərən dərnək rəhbərləri ilə tanış olan diplomat COVİD-19 pandemiyası dövründə icma üzvlərinin qarşılaşdığı problemlər, ABŞ-a gəliş və gedişlərdə tələb olunan vaksin pasportlarının alınması, vaksinasiya ilə bağlı həmvətənlərimizin qarşılaşdığı müəyyən çətinliklər, pasportların müddətinin uzadılması mövzularında müzakirələr aparıb.

Görüşün keçirildiyi məkanda səyyar konsulluq xidməti göstərilib və konsul Ceyhun Novruzov sənəd problemləri ilə qarşılaşan həmvətənlərimizin müxtəlif mövzularda suallarını cavablandırıb, mövcud problemlərin həlli istiqamətində addımlar atılacağını deyib.

Səfir Xəzər İbrahim yaxın gələcəkdə həmvətənlərimizin daha çox məskunlaşdığı şəhər və ştatlarda səyyar konsulluq xidmətinin fəaliyyətə başlayacağını diqqətə çatdırıb. İcma üzvləri səfiri gələcək planları haqqında məlumatlandırıb, bir çox məsələlər ətrafında qarşılıqlı müzakirələr aparıblar. Bütün mövzularda həmvətənlərimizə dəstək olmağa hazır olduğunu deyən səfir bundan sonra da belə görüşlərin mütəmadi keçiriləcəyini bildirib.