Xəbər verdiyimiz kimi, Anadolunun qapılarını əbədi olaraq türklərə açan tarixi Malazgird Zəfərinin (26 avqust 1071-ci il) 950-ci ildönümü Türkiyədə təntənəli şəkildə qeyd olunur. Yubiley tədbirləri 950 il əvvəl Sultan Alp Arslanın başçılıq etdiyi Səlcuq ordusunun Bizans İmperatoru Romen Diogenin qoşunları üzərində qalibiyyət qazandığı yerlərdə – Muş vilayətinin Malazgird və Bitlis vilayətinin Ahlat bölgələrində təşkil edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, digər rəsmilər avqustun 25-də Ahlatda – “1071 Malazgird Meydan Müharibəsi Tarixi Milli Parkı” elan edilən ərazidə təşkil olunan mərasimdə iştirak ediblər.

Burada çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan Malazgird Zəfərinin qazanılmasının tarixi əhəmiyyətindən, türk xalqının bu şanlı qələbəyə hər zaman yüksək dəyər verməsindən danışıb, xalqı bu şərəfli tarixin ildönümü münasibətilə təbrik edib.

Qeyd edək ki, Ahlat rayonunda bayram tədbirləri keçirilən bölgədə Azərbaycan çadırı da qurulub. Ankaradakı səfirliyimiz və Azərbaycanın Qars şəhərindəki Baş konsulluğunun dəstəyi ilə qurulan Azərbaycan tarix və mədəniyyətini tanıdan guşədə kitablar, mədəni irs nümunələri, musiqi alətləri, milli geyimlər, suvenirlər nümayiş olunur. Çadırda mədəniyyətimizin təqdimatı Naxçıvan Dövlət Filarmoniyasının “Şuşa” muğam qrupunun çıxışları ilə müşayiət olunur.

Avqustun 24-də Ahlat rayonunda təşkil olunan proqramlardan sonra bayraq yürüşü təşkil olunub.  150 metr uzunluğunda Türkiyə bayrağını çiyinlərində daşıyan izdiham rayonun mərkəzi ilə hərəkət edib.

Bitlis valisi Oktay Çağatay, hakim Ədalət və İnkişaf Partiyasının başqan müavini Vedat Dəmiröz, Bitlisdən millət vəkili Cemal Taşar, Ahlat Bələdiyyəsinin başqanı Abdülalim Mümtaz Çoban və digər rəsmilər dövlət bayrağını çiyinlərində daşıyan aksiyaçılarla birlikdə irəlidə yüyürüblər.

Bayraq yürüşü “Mehtər marşı”nın sədaları altında həyata keçirilib.

Tədbirlər çərçivəsində Ergezen orta məktəbinin şagirdlərindən ibarət “Mehtəran” birliyinin ifasında “Mehtər marşı” da böyük maraqla qarşılanıb.

Mehparə SULTANOVA
Ankara