Gədəbəy rayon Heydər Əliyev Mərkəzində özbəkistanlı şairə, “Kitab dünyası” qəzetinin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Xasiyyət Rüstəmin İkinci Qarabağ müharibəsinə həsr olunan “44 gün” kitabının təqdimatı keçirilib.
Tədbirdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, rayon ziyalıları, Milli QHT Forumu idarə heyətinin üzvü, şair-türkoloq Əkbər Qoşalı, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşar və başqa qonaqlar iştirak ediblər. Çıxış edənlər qardaş özbək xalqının tanınmış yazarının Azərbaycanın Vətən müharibəsinə həsr etdiyi kitabın təqdimatının rayonda keçirilməsinin əhəmiyyətini vurğulayıb, müəllifə uğurlar arzulayıblar.
Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin maliyyə dəstəyi ilə işıq üzü görən kitabda müəllifin “Adı Lalə idi o qızın...” poeması da yer alıb.
Xasiyyət Rüstəmova kitabın təqdimatının təşkilinə, ona göstərilən diqqətə görə minnətdarlığını bildirib. Sonda müəllifə xatirə hədiyyələri təqdim edilib.
Xatırladaq ki, bundan öncə özbəkistanlı şairənin kitabının Sumqayıtda da təqdimatı keçirilmişdi.