Maddi mədəniyyət nümunələrinin saxlanc yeri olan muzeylər kimi vacib məkanlardan biri də arxivlərdir. Onlar müxtəlif dövr və proseslərin ən yaxşı və dəqiq təhlilçisi, təsvirçisidir. Dövlətin keçdiyi inkişaf yolu, tarixi, yaxın-uzaq keçmişinin bütünlükdə yaddaş yeridir arxivlər.

Ölkəmizdə ötən əsrin 20-30-cu illərində təşəkkül tapan və ən müxtəlif sahələri əhatə etməklə geniş profilli arxivlərdən biri də Milli Arxiv İdarəsi tərkibindəki Azərbaycan Dövlət Foto və Kino Sənədləri Arxividir. Bir müddət Mərkəzi Dövlət Oktyabr İnqilabı Arxivinin Fotosənədlər şöbəsi kimi fəaliyyət göstərib, 1943-cü ildə Azərbaycan SSR Mərkəzi Dövlət Kinofotofono Sənədləri Arxivi kimi ayrıca fəaliyyət göstərməyə başlayıb.

1968-ci ildə Mərkəzi Dövlət Səs Yazıları Arxivinin yaradılması ilə əlaqədar fonosənədlər həmin arxivə verilib, bu arxivin isə adı dəyişdirilərək Azərbaycan SSR Mərkəzi Dövlət Kino-Foto Sənədləri Arxivi olub. 1994-cü ildən isə Azərbaycan Respublikası Dövlət Kino və Foto Sənədləri Arxivi (ARDKFSA) adlandırılıb. Bura həm də kino-foto sənədləri ilə iş üzrə elmi-metodik mərkəzdir.

Hazırda 20 mindən çox kino, 342 mindən çox foto sənədin mühafizə edildiyi unikal məkanın fəaliyyəti ilə tanış olmaq imkanı qazandıq.

Arxivin direktor müavini Nazim Əhmədlinin müşayiətində laboratoriyaları, saxlama kameralarını, müşahidəsinə xüsusi icazə verilən nadir foto nümunələrini, ümumən böyük diqqət və xüsusi peşəkarlıq tələb edən iş prosesi ilə yaxından tanış olduq.

Nazim Əhmədli bizimlə söhbətində arxiv işinin təşkili, mühafizə qaydaları, yeni daxil olan materiallar üzərində laborator müayinə kimi ən müxtəlif istiqamətlərə nəzər saldı,  ümumən arxiv fondları və onların gələcək nəsillər üçün daşıdığı önəm haqqında vacib məqamlara da toxundu.

– Arxivin sırf mədəniyyət, incəsənət sahələrilə bağlı fondları ilə maraqlandığınızı nəzərə alaraq daha çox bu istiqamətə nəzər salacağam. Obrazlı desək, ümumilikdə bu arxiv Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında baş vermiş hadisələri əks etdirən topludur, real təsvirdir. Bura dövlət idarə və təşkilatlarının fəaliyyəti nəticəsində yaradılmış arxiv fondunun kino və foto sənədləri, həmçinin görkəmli dövlət, ictimai, elm və mədəniyyət xadimlərinin, Azərbaycanda inqilabi-demokratik hərəkatın, II Dünya müharibəsi, Qarabağ müharibələri iştirakçılarının şəxsi kino-foto sənədləri daxildir.

 

– Nazim müəllim, qısa təqdimatınızdan da göründüyü kimi, arxiv fondunuz zəngindir və günü-gündən yenilənir. Başlayaq konkret olaraq fəaliyyət istiqamətinizdən. Bir az da müqayisə aparaq. Çünki kino sənədləri ilə bağlı müvafiq fond da var. Sizin fondda nələr saxlanılır?

– Dövlətin arxiv fondu haqqında qanununa uyğun olaraq qurulan arxiv fondu özlüyündə ölkə tarixinin mühüm, əsas hissəsini əhatə edir. Bu lentlər xüsusi temperatur şəraitində saxlanılır. Onların uzun müddət qalması üçün bütün laborator işlər sistemli aparılır. Bunlar dövlət əmlakıdır və gələcək nəsillərə mirasımızdır.

 

– Kino sənədləri hissəsinə gələk: Dövlət Film Fondu nəyi saxlayır, siz hansı kinolentləri mühafizə edirsiniz? Bu zaman konkret təsnifat mexanizmi işə düşür, yoxsa adi bölgü aparılır?

– Film Fondda əsasən bədii, bizdə isə sənədli filmlər, respublikamızın tarixinə aid sənədli süjetlər saxlanılır. Şəxsi fondlar da var ki, onlarda da məşhur insanlarımız – yazıçılar, şairlər, elm, mədəniyyət, dövlət xadimləri, sənət adamları ilə bağlı süjetlər, fotosənədlər saxlanılır. Dövlətə aid olan lent yazıları, filmlər, müxtəlif kadrlar da bizim fondlarımızda qorunur.

 

– Təbii ki, foto və kinolentlər zamanla istifadəyə yarasız ola bilər və onların keyfiyyətinin itməməsi vacib sualdır. Bu istiqamətdə hansı işlər görülür?

– Bizdə foto və kino neqativlər hər biri ayrı-ayrı saxlanc yerlərində qorunur və müvafiq nəzarət mexanizmi var. Kinosənədlər saxlanan mühafizəxanada lentlər, sığorta fondlarımız var və onlardan istifadə edirik. Şüşə əsilli və başqa neqativlərimiz, nadir lentlərimiz də var. Hamısının saxlanc yeri ayrıdır və onlar  xüsusi şəraitdə mühafizə olunur. Vaxtaşırı saxlanc yerlərindəki kino sənədləri vizual müşahidə olunur. İstifadəçilər tərəfindən qaytarılan lentlər qəbul ediləndən sonra yoxlanılır, zədələnən hissələri bərpa edilir. Uzun müddət saxlanılan lentləri təmizləyirik. Onlar laboratoriya şəraitində təmizlənir, üzü köçürülür. Bu isə uzun zaman və zərgər dəqiqliyi tələb edir.

 

– Bu iş ənənəvi vasitələrlə aparılır, yoxsa müasir texnoloji vasitələr tətbiq olunur?

– Ən son texnologiyalar olmasa da, bizdə müasir, hələ ki, tələbi ödəyən, işimizi axsatmayan avadanlıqlar var. Müasir aparaturalara gəlincə, bu da dövlətimizin dəstəyi ilə sistemli olaraq yenilənir. Gələcəkdə arxiv üçün yeni texniki vasitələrin alınması da nəzərdə tutulub. Çünki əlimizdəki vasitələr artıq köhnəlmək üzrədir. Bundan başqa, elmi məlumat aparatının qurulması, müəyyən nümunələrin əlçatan olması üçün elektron qaydada sistemləşdirilməsinə də başlamaq istəyirik.

 

– Statistika yenilənirmi?

– Bəli, bu, demək olar ki, gündəlik dəyişə bilir.

 

– Hansı qurumlarla işləyirsiniz və nümunələr arxivə hansı prinsiplər əsasında götürülür?

– Dövlət sektorunda olan müəssisə və təşkilatlar bizə vaxtaşırı o sənədləri göndərirlər. Dövlətə aid olan foto və kino sənədləri, üstəlik şəxsi sənədlər də ayrı-ayrı şəxslər tərəfindən təqdim olunur. Dövlətə aid sənədlər birmənalı olaraq qəbul olunsa da, fərdi sənədlərə baxılır, seçilir, ekspertiza olunur və yararlılığı müəyyən edildikdən sonra fondlaşdırılır.

 

– Fondlardan istifadə, yəni tədqiqatçıların materiallardan bəhrələnməsi üçün əlverişli mühit yaradılıb?

– Dövlət təşkilatları rəsmi, fərdi şəxslər isə ərizələrlə müraciət edərək istədikləri nümunədən bizim arxivin oxu zalında istifadə edə bilirlər. Bundan başqa, bizim “ASAN Xidmət” mərkəzlərində nümayəndəmiz var və o xidmət vasitəsilə də müraciətlər cavablandırılır. Faiz etibarilə daha çox o bazadan məlumatlar əldə olunur.

 

– İstifadə zamanı baş verə biləcək hər hansı xəta nəzərə alınıbmı?

– Bəli, fondlarda nümunələrin orijinalı, eləcə də neqativi, pozitivi qorunur.  Onların hər biri sığortalanıb. Bizim sığorta fondumuz da var və istifadəçilərə təlimat verilir.

 

– Bayaqdan danışırsınız və mənim nəzərlərim istər-istəməz masanız üzərindəki ağ-qara fotolarda, onların protokollarına ilişir. Bəlkə söhbətimizi praktiki nümayişlərlə davam etdirək.

– Əlbəttə, bilirəm ki, oxucularımız üçün də məhz bu nümunələr, ümumən arxiv fondu maraqlıdır. Söhbət gördüyünüz bu materiallardan gedirsə, bunlar ötən əsrin 40-cı illərinin Bakısından, müharibə dövrünün şəhərindən, gündəlik həyatından nümunələrdir.

 

– Maraqlıdır ki, fotokartların əksəriyyəti hələ də rus dilindədir. Məsələn, Bakı Sabun Fabrikinin istehsalat prosesini göstərən konkret bu nümunələr...

– Fondda minlərlə belə nümunə var və biz fotolar əks olunan kartları Azərbaycan dilinə çevirir və elmi məlumat bazasına yerləşdiririk.

 

– Sizdə qorunan ən qədim foto və kino kadrı mənə və oxucularımıza çox maraqlıdır.

– Ən köhnə kadrlar daha çox 20-ci illərə, yəni ölkəmizdə foto və kino aparatlarının yayılmağa başladığı dövrlərə aiddir. Amma çəkilən və bizə çatan fotolar arasında nadir nümunələr də var. Məsələn, Bakının tarixinə, şəhərin ümumi görünüşünə, ayrı-ayrı binalara, küçələrə (1861-1895-ci illər), XIX əsrin sonu – XX əsrin əvvəlində neft sənayesinin inkişaf tarixinə, neftin çıxarılması üsullarına, neft emal edən zavodlara, mədənlərdəki yanğınlara aid fotoşəkillər ən ilkin sənədlərdir.

Neft istehsalının inkişafı haqqındakı sənədlərin əksəriyyəti Bakı şəhərində Nobel qardaşları şirkətinin fəaliyyəti barədədir. Həmin sənədlərə şirkətin təsisçilərinin, şirkətə məxsus zavod, mədən əməkdaşlarının portretləri, neftin daşınması üçün dəmiryolu nəqliyyatı vasitələri, fəhlələrin yaşayışını özündə əks etdirən fotoşəkillər aiddir.

Fotoların bir hissəsində isə Azərbaycanda milli burjuaziyanın yaradılması və inkişafı əksini tapıb. Həmin sənədlər arasında neft sahibkarları, Bakı milyonçusu H.Z.Tağıyevin evlərinin, Mərdəkandakı bağının, onun vəsaiti ilə tikilmiş teatrın, məktəblərin, dəyirmanın, öz ailəsi ilə, Bakı milyonçuları ilə birlikdə fərdi fotoları da var. Əjdər bəy, Bibiheybət, Təzəpir məscidləri, alman kirxası, katolik kilsəsi kimi dini ocaqlar haqqındakı foto və kino sənədləri də mövcuddur və onlar tədqiqatçıların ən çox müraciət etdikləri materiallardır. 30-cu illərdə Bibiheybət məscidinin sökülməsini əks etdirən kinoxronikadakı kadrlar, Aleksandr Nevski kilsəsinin sökülməsini təsvir edən fotolar nadir sənədlərdir.

 

– Xalq Cümhuriyyətinin tarixinə aid nümunələrlə tanış ola bilərik? Bildiyim qədər, onlar da sizin arxivdə qorunur.

– Onlar xüsusi kameralardadır və təəssüf ki, hazırda nümayiş etdirə bilməyəcəyik. Məlumat üçün deyim ki, bunlar Cümhuriyyət Milli Şurasının sədri M.Ə.Rəsulzadənin, Nazirlər Şurasının sədrləri F.Xoyskinin, N.Yusifbəylinin, maliyyə naziri Ə.Həsənovun, xarici işlər naziri M.Hacinskinin, daxili işlər naziri M.Y.Cəfərovun, Parlament sədrinin müavini H.Ağayevin və başqalarının portretləridir. Buraya Xalq Cümhuriyyəti Nazirlər Şurasının iclasları, Parlament binası, həmçinin Azərbaycan Milli Ordusunun yaradılmasını əks etdirən fotolar da daxildir. Həmin illərin sənədləri arasında Cümhuriyyət Ordusu generallarının, zabit və əsgərlərinin, hökumət tərəfindən Fransa, Almaniya, İngiltərə, İtaliya, Türkiyə və başqa ölkələrə təhsil almağa göndərilən tələbələrin şəkilləri də var.

 

– Mədəniyyət sahəsi, sənət adamları, yaradıcı təşkilatlarla bağlı bölmələriniz də var. Mədəniyyət Nazirliyi sistemindəki müəssisələr, xüsusən də teatr-konsert müəssisələrinin fondları necə, zəngindir?

– Bəli, qənaətbəxşdir. Çünki nazirliklə sistemli və məhsuldar əməkdaşlığımız var və bunun nəticəsidir ki, gördüyünüz zəngin fond yaranıb. Kino təşkilatları, teatrlar, konsert müəssisələri, ayrı-ayrı mədəniyyət, musiqi, kino xadimlərinin unikal fotoları bizdə qorunur.  Arxivdə respublikanın kinematoqrafiya tarixindən, teatrının təşəkkülündən, musiqi kollektivlərinin işindən bəhs edən kino və foto sənədlər də mühafizə edilir.

 

– Kataloqlarda müxtəlif illərin qastrol səfərləri, konsertləri, premyeraları ilə bağlı maraqlı fotolar diqqətimi cəlb edir. Bunlar fərdi yığımla toplanıb, yoxsa müəssisələr təqdim ediblər?

– Hər iki yolla. Onu da deyim ki, bizdə şəxsi fondlarda on minlərlə fotosənədlər mühafizə edilir. 30-cu illərdən sonrakı dövrlərə aid sənədlər daha çoxdur. Bu sırada fərdi qaydada təqdim edilən xeyli maraqlı nümunə də var.

 

– Yeri gəlmişkən, fondun zənginləşdirilməsi ilə bağlı şəxsi təşəbbüsləriniz necə, olur?

– Təbii ki. Biz hansısa təşkilatda, fərdi şəxsdə hər hansı video və foto sənədin, bizim üçün qiymətli materialın olması ilə bağlı məlumat alırıqsa, vaxt itirmədən onu əldə etmək üçün müraciət edirik. Təbii ki, proses könüllülük əsasında olur. Təəssüf ki, bəzi dövlət qurumları, bir sıra yaradıcı təşkilatlar bu prosesi uzadır, yubadır, nəticə etibarilə sənədləri bizə vermirlər. Səbəb isə sadəcə, laqeydlikdir. Odur ki, biz bəzən uzun-uzadı müraciət etməli, izah verməli oluruq. Dərin təəssüf doğuran məqamlarla da rastlaşırıq. Fondlaşdırmaq istədiyimiz mədəniyyət, ədəbiyyat xadimlərindən bəzən ya  sərt sözlər eşidirik, ya da birmənalı imtina. Aralarında arxivə sənədləri pul müqabilində verə biləcəklərini deyənlər də olur. Bu sahədə maarifləndirmə işinə də ehtiyac var və arzu edərdim ki, elə sizin qəzet vasitəsi ilə də insanlar bu işin nə qədər önəmli olduğunu bir daha nəzərdən keçirsinlər.

 

– Profilinə uyğun olmayaraq foto və kino sənədləri saxlayan qurumlar da var. Məsələn, bir dəyərli sənətçimiz dünyasını dəyişir və onun arxivə aid sənədləri qeyri-profilli qurumda qalır. Bu kimi hallar tez-tez olurmu və olursa niyə konkret bölgü yoxdur? Yəni digər qurumlarla əlaqələriniz yetərli səviyyədədirmi? Müşahidələr göstərir ki, bu elə deyil.

– Bu mövzu bizim yaralı yerimizdir. Dəfələrlə bu barədə müraciətlər də etmişik. Xüsusən muzeylərə. Onlar unikal, böyük dəyəri olan fotoları saxlanma şəraitləri olmadığı halda ekspozisiyaya daxil edir, fondlarında saxlayırlar. Əslində, onların hamısı məhz burada – bu  arxiv fondunda saxlanılmalı, surətləri nümayişə çıxmalıdır. Həmin surətləri yüksək peşəkarlıqla köçürən mütəxəssislərimiz də var. Bu məsələ kinolentlərə də aiddir.

Qarşılıqlı əlaqələrə gəlincə, əlaqələrimiz var və biz istənilən təşəbbüsə müsbət yanaşır, bizə müraciət edən bütün qurumlara müsbət cavab veririk. Arxivin saytı da var və mütəmadi keçirilən tədbirlər, sərgilər orada geniş  işıqlandırılır. Dövlət tədbirlərinin də çoxunun foto və videoları bizdən götürülür.

...Arxivdə qorunan materiallarla tanış olarkən istər-istəməz sən təsvir olunan dövrə, baş verən hadisəyə, prosesə, aradakı uzun zaman aşırımını keçərək, qoşulur və sanki özünü o zamanda hiss edirsən. Fotolara baxdıqca – 20-ci illərə aid sabunbişirmədən konservləşdirməyə, açıq hava kinoteatrlarından tarlalardakı konsert və tamaşalaradək – bu təsvirlər səni təsir dairəsinə salır və istər-istəməz zaman burulğanına düşmüş olursan. Bundan sonra bir müddət zaman tunelindən çıxa bilmirsən, ya da istəmirsən. Bir az nostalgiya yükünü azaltmaq,  bir az da keçmişlə gələcək arasındakı xəyali rabitəni qurmaq üçün...

Həmidə NİZAMİQIZI