Türkiyədə keçirilən VI Türk Dünyası Sənədli Film Festivalının əsas mərhələsi başlanıb. Festival Türk Dünyası Jurnalistlər Federasiyası və Türk Dünyası Mədəniyyət, İncəsənət və Kinematoqrafiya Vəqfinin təşəbbüsü, bələdiyyə və dövlət qurumlarının, eləcə də türkdilli ölkələrdən müxtəlif təşkilatların da dəstəyi ilə reallaşır. Qeyd edək ki, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti festivalı dəstəkləyən təşkilatlar sırasındadır.
Festivalın müsabiqə proqramına qəbul 23 apreldə elan edilmişdi. 30 avqustda filmlərin qəbulu başa çatıb. Sentyabrın sonunadək filmlər münsiflər tərəfindən dəyərləndiriləcək. Festivalın qala-gecəsi və mükafatlandırma mərasimi 2 oktyabr tarixinə nəzərdə tutulub.
Türk Dünyası Sənədli Film Festivalı Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr Türk Respublikası, Macarıstan və Makedoniya, eləcə də Rusiya Federasiyasının Tatarıstan, Çuvaşıstan, Başqırdıstan, Dağıstan, Tuva, Saxa Yakutiya və Xakasiya respublikalarının peşəkar və həvəskar (tələbə) kinematoqrafçılarının iştirakı ilə keçirilir.
“Türk mədəniyyəti və türkün dünyaya baxışı” başlığı ilə gerçəkləşən builki festivalda Azərbaycanı İstanbul Universiteti İctimaiyyətlə əlaqələr fakültəsinin radio, televiziya və kino bölümünün aspirantı Səidə Ömərin “Xocalıya ədalət!” sənədli filmi təmsil edəcək.
Festivala tələbə nominasiyası üzrə təqdim olunan ekran əsərində “Şuşa” filmindən, Milli Qəhrəman, telejurnalist Çingiz Mustafayevin, operator Seyidağa Mövsümlünün Xocalı soyqırımı dəhşətlərini əks etdirən videomateriallarından istifadə olunub.
Filmin ssenari müəllifi və rejissoru olan Səidə Ömər həmçinin bədiiləşdirilmiş epizodlarda da çəkilib. Operator və montaj işini Osman Yılmaz həyata keçirib.
Mehparə SULTANOVA
Ankara