Vaqif Poeziya Günləri çərçivəsində avqustun 31-də Şuşada “Ədəbi müstəvidə Qarabağın dünəni və bu günü” adlı simpozium keçirilib.
Simpoziumda ədəbiyyatımızın qarşısında duran vəzifələrdən, son otuz ildə yaradılmış ədəbi nümunələrdən, Vaqif Poeziya Günlərinin ədəbiyyat adamlarına verdiyi stimuldan və Molla Pənah Vaqifin yaradıcılığından söz açılıb.
Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-dramaturq İlqar Fəhmi deyib ki, ədəbiyyatşünas alimlərin və gənc şairlərin iştirakı ilə təşkil olunmuş bu simpozium gələcəkdə keçiriləcək tədbirlər üçün bir istiqamət göstərir.
Akademik Nizami Cəfərov, şair Adil Cəmil və başqaları çıxış edərək ədəbi müstəvidə Qarabağın dünəninə və bu gününə dair fikirlərini bölüşüblər. Bildirilib ki, belə tədbirlər növbəti illərdə daha geniş formatda təşkil olunacaq.