“Zoom” şirkətinin səhmləri ucuzlaşıb

 

Amerikanın onlayn videokonfrans şirkəti olan “Zoom”un səhmləri 11 faizdən çox ucuzlaşıb.

Tələbatın daha sürətlə azalmasına və insanların yenidən ofislərə qayıtmasına görə şirkətin səhmləri dəyərini itirməyə başlayıb.

Qeyd edək ki, dünya iqtisadiyyatına misli görünməmiş zərər vuran koronavirus pandemiyasından qazananlar arasında yeni informasiya texnologiyaları şirkətləri xüsusilə seçilib. Bunlar əsasən yeni informasiya texnologiyaları sahəsini əhatə edir. “Zoom” və videokonfrans xidmətləri təklif edən digər şirkətlər – “Cisco”, “Microsoft’s Teams” və “Salesforce’s Slack” karantin müddətində milyonlarla yeni istifadəçi toplayıb.

Məsələn, pandemiyanın birinci ayında “Zoom Video Communications” şirkətinin müvafiq proqramının 2020-ci ilin mart ayında dünya üzrə sutkalıq auditoriyası 2019-cu ilin dekabr ayı ilə müqayisədə 20 dəfə artaraq 200 milyon nəfərə çatmışdı.