Estoniya Parlamenti – Riigikogu ikinci tur səsvermədə növbəti beş il müddətinə dövlət başçısını seçib.
Estoniya Milli Muzeyinin direktoru Alar Karis səsvermədə iştirak edən 80 deputatdan 72-sinin səsini qazanaraq Estoniya Prezidenti seçilib.
Karis seçkilərin ikinci turunda yeganə namizəd olub və seçilmək üçün 68 səs lazım idi. Birinci turda o, 63 deputatın dəstəyini almışdı.
Alar Karis 1958-ci ildə Tartu şəhərində doğulub. 1981-ci ildə Estoniya Kənd Təsərrüfatı Akademiyasını bitirib. Daha sonra Almaniya, Böyük Britaniya və Niderlandda universitetlərdə təhsili alıb. 1999-cu ildən Tartu Universitetinin professorudur. 2007-2012-ci illərdə həmin universitetin rektoru olub. 2017-ci ildən Estoniya Milli Muzeyinin direktoru idi.
Qeyd edək ki, Estoniya dövlət quruluşuna görə parlament respublikasıdır. Dövlət başçısı deputatlar tərəfindən seçilir, səlahiyyət müddəti beş ildir.