Bu gün bizi birləşdirən dəyərlər çoxdur. İnsanları birləşdirən və bizi gücləndirən dəyərlərə daha çox diqqət göstərməliyik.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu fikri Almaniyanın Köln şəhərində Azərbaycan icması ilə görüşdə vurğulayıb.

Komitə sədri ötən il Vətən müharibəsi zamanı Almaniyada izdihamlı Qarabağ mitinqi və digər tədbirlərin keçirildiyini xatırladaraq, artıq qalib xalqın diasporunun həyatında yeni və mühüm mərhələnin başladığını deyib, diasporun güclənmiş şəkildə meydana çıxması üçün gənclərə böyük diqqət göstərilməsini tövsiyə edib.

Görüşdə Köln şəhərində və ətraf regionlarda yaşayan azərbaycanlılar, Almaniyanın aparıcı universitetlərində çalışan soydaşlarımız, türk diasporunun təmsilçiləri iştirak ediblər.

Şimali Reyn Vestfaliya vilayətinin dövlət məmuru Elnur Rixter, Almaniyanın Ruhr Universitetinin dosenti Elxan Sadıqzadə, Almaniya Yazarlar Birliyinin üzvü, yazıçı, tərcüməçi Orxan Aras, Alman–Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Hacıyeva, Almaniyanın “HennaMond” şirkətinin əməkdaşı Samir Həsənov, türk diasporunun üzvü Levent Taşkıran və başqaları çıxış ediblər.

Çıxışlarda Azərbaycan və Türkiyə diasporlarının birliyindən, alman ictimaiyyəti arasında, xüsusilə də mediada Azərbaycan həqiqətlərinin təbliği istiqamətində görülən işlərdən, yerli KİV-lərlə əməkdaşlığın əhəmiyyətindən danışılıb, təkliflər irəli sürülüb.

Dövlət Komitəsinin əməkdaşları Köln şəhərindəki Azərbaycan Evini də ziyarət edib. Bildirilib ki, Azərbaycan evləri soydaşlarımızı bir araya gətirən mərkəz rolunu oynayır. Köln şəhərində və ətrafında yaşayan azərbaycanlılar burada toplaşmalı, görüşlər keçirməli, problemləri dilə gətirməli və müzakirələr təşkil etməlidirlər. Bununla yanaşı, yerli ictimaiyyətin tanınmış şəxsləri və alman jurnalistləri Köln Azərbaycan Evində müxtəlif tədbirlərə dəvət olunmalıdır. Dövlət Komitəsi tərəfindən Köln Azərbaycan Evinə hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Dövlət Komitəsinin nümayəndə heyəti Niderlandda da olub, bu ölkədəki Azərbaycan icması ilə görüşlər keçirib. Haaqa şəhərinin “Yeni İkendinen” məzarlığında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış Xocalı abidəsi ziyarət edilib.

Mərasimdə Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının üzvləri də iştirak ediblər. Hollandiya-Azərbaycan Türk Kültür Dərnəyinin üzvü Yasin Zeynallı çıxış edərək xatırladıb ki, təmsil etdiyi təşkilatın təşəbbüsü ilə 24 fevral 2008-ci ildə burada abidə ucaldılıb. 2020-ci ildə isə çoxsaylı ziyarətçilərin eyni anda bu məkanda toplaşmasının qeyri-mümkün olduğu nəzərə alınıb və abidə daha geniş əraziyə köçürülüb.