Xarici media təmsilçilərinin daha bir qrupu işğaldan azad edilmiş ərazilərdə olub

 

Avqustun 31-dən Türk Şurasının üzvü olan Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, qurumda müşahidəçi statuslu Macarıstan, həmçinin Bosniya və Herseqovina, Makedoniya və Serbiyadan gəlmiş jurnalistlərin Azərbaycanın azad  olunmuş ərazilərinə səfəri başlayıb.

Əcnəbi media mənsubları səfərin ilk günü əvvəlcə işğaldan azad edilən Füzuli rayonunda Minatəmizləmə Agentliyinin nümayəndələri ilə görüşüb, minalanmış sahələrin təmizlənməsi prosesini izləyiblər. Füzuli-Cəbrayıl yolunda minatəmizləmə işləri ilə tanış olan jurnalistlərə bildirilib ki, Ermənistan tərəfi otuz ilə yaxın davam edən işğal dövründə Azərbaycan torpaqlarına yüz minlərlə mina basdırıb. Ötən il 44 günlük müharibədə işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi olduqca böyük zaman və resurs tələb edir. Müharibədən sonra mina partlaması nəticəsində 30-a yaxın Azərbaycan vətəndaşı həlak olub, 100-dən çox insan yaralanıb. Beynəlxalq ictimaiyyət Ermənistanı məcbur etməlidir ki, azad olunmuş bütün ərazilərin dəqiq olan mina xəritələrini Azərbaycana versin. Çünki bəzi rayonların mina xəritələrini versələr də, onların dəqiqliyi 25 faizə bərabərdir.

Diqqətə çatdırılıb ki, Qarğabazar istiqamətində uzunluğu 12 kilometr olan yol üç hissəyə bölünməklə təmizlənir. Birinci hissə - 180 min kvadratmetr ərazi təmizlənərək təhvil verilib. Yolun ikinci hissəsində 289 min kvadratmetr sahədə işlər yekunlaşıb və 174 ədəd mina və partlamamış silah-sursat aşkarlanıb. Növbəti mərhələdə isə yolun üçüncü hissəsi təmizlənəcək. Ərazidə əsasən Rusiya istehsalı olan tank əleyhinə və Ermənistan istehsalı olan piyada əleyhinə minalar basdırılıb. Minatəmizləmə prosesi əsasən üç üsulla - əl ilə, mexaniki yolla və xüsusi təlim keçmiş itlər vasitəsilə aparılır.

Xarici media mənsubları daha sonra işğaldan azad olunan Cəbrayıl rayonuna gəliblər. Ermənilər tərəfindən dağıdılan rayon mərkəzinin xarabalıqları ilə tanış olan jurnalistlərə bildirilib ki, işğaldan öncə Cəbrayıl tarixi abidələrin, dini məbədlərin zəngin olduğu məkan kimi, eləcə də səfalı təbiəti ilə tanınırdı. Lakin işğaldan sonra bütün bunlardan əsər-əlamət qalmayıb. Heyət vandalizmə məruz qalmış qəbiristanlıqlardan birində olublar. Qırğızıstanlı jurnalistlər burada basdırılan sakinlərin, eləcə də şəhidlərimizin ruhuna dualar ediblər.

Türkiyənin Anadolu Agentliyinin əməkdaşı Burcu Çalık Göçümlü təəssüratlarını bölüşərək bildirib ki, ermənilər məzarları qazaraq meyitləri çıxarıblar, onların qızıl dişlərini götürüblər: “Bu cür vəhşilik, barbarlıq edənlər insan ola bilməzlər. Ümid edirəm ki, buralar yenidən canlanacaq və azərbaycanlıların öz yurdlarında xoşbəxt yaşadıqlarının şahidi olacağıq”.

Makedoniyalı jurnalist Boyan Stoykovski isə deyib ki, geri qayıtdıqdan sonra həm Balkan ölkələri, həm də beynəlxalq ictimaiyyət üçün yazılar hazırlayacaq: “Yazılarımda bütün bu vəhşilikləri olduğu kimi qeyd edəcəyəm. Qoy, bütün dünya bu vandalizmi görsün”.

Sentyabrın 1-də xarici media təmsilçiləri Şuşaya gəliblər. Qonaqlar Xurşudbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün Birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən güllələnmiş abidələrini ziyarət ediblər. Jurnalistlər Natəvanın dağıdılmış evi və Xan sarayının qalıqları ilə tanış olublar. Onlara bu qədim tikililərin tarixi haqqında məlumat verilib. Qonaqlar, həmçinin Yuxarı Gövhər ağa məscidini ziyarət ediblər.

Jurnalistlər Şuşa qalasında və Cıdır düzündə olublar. Bildirilib ki, Şuşa şəhəri 1752-ci ildə Pənahəli xan tərəfindən salınıb. Qala divarları şəhəri daim düşmən hücumundan qoruyub. Cıdır düzü isə Şuşanın ən görməli məkanlarından biridir. Burada Qarabağ atlarının iştirakı ilə yarışlar keçirilirdi.

Qonaqlar böyük şair Vaqifin bərpa edilmiş məqbərəsində də olublar. Qeyd olunub ki, məqbərə ilk dəfə 1982-ci il yanvarın 14-də ulu öndər Heydər Əliyevin iştirakı ilə açılıb. Erməni işğalı dövründə məqbərə qarət edilib və dağıdılıb. Şuşa azad edildikdən sonra Prezident İlham Əliyevin tapşırığı ilə məqbərə bərpa edilərək yenidən əvvəlki görkəminə qaytarılıb.

Əcnəbi jurnalistlər 2020-ci ildə 44 günlük müharibə zamanı Ermənistan ordusunun raket zərbələrinin hədəfi olmuş Gəncəyə də səfər ediblər. Onlar şəhərdə mülki şəxslərin öldüyü, yaralandığı və böyük dağıntıların yarandığı əraziyə baş çəkiblər. Məlumat verilib ki, düşmənin Azərbaycanın ikinci böyük şəhəri, münaqişə zonasından 100 kilometrdən artıq məsafədə yerləşən Gəncə şəhərinə raket hücumları nəticəsində aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 142 nəfər yaralanıb.

Sentyabrın 2-də xarici media təmsilçiləri Ağdama səfər ediblər. Səfər proqramı Ağdam Cümə məscidində, İmarət kompleksi, Qiyaslı məscidi və digər məkanları əhatə edib.