Jan-Pol Belmondo dünyasını dəyişdi
Dünya şöhrətli fransız aktyoru Jan-Pol Belmondo sentyabrın 6-da, ömrünün 89-cu ilində vəfat edib.
1933-cu il aprelin 9-da heykəltəraş Pol Belmondonun ailəsində dünyaya gələn gələcəyin məşhur aktyoru idmanı çox sevib, futbol, velosiped, xüsusilə də boksla məşğul olub, bir ara peşəkar idmançı olmaq istəyib. Parisdə Dram Sənəti Ali Milli Konservatoriyasını bitirdikdən sonra teatrda çalışmağa başlayıb.
1956-cı ildə ilk filminə çəkilib. Üç il sonra fransız kinosunda “yeni dalğa”nın nümayəndələrindən olan Jan-Lük Qodarın “Son nəfəsdə” filmində baş rolu oynaması 26 yaşlı aktyora şöhrət gətirir. Bundan sonra bir çox macəra və komediya filmlərinə dəvət alan aktyorun ümumilkdə kinoda 80-dən çox rolu var. Paralel olaraq 90-cı illərin ortalarınadək teatr tamaşalarında da oynayıb. Dünya miqyasında isə təbii ki, kinodakı rolları ilə tanınıb: “Möhtəşəm”, “Professional”, “Riodan olan adam”, “Dəlisov Pyero” və s.
Aktyor Fransanın milli kino mükafatı olan “Sezar”a (1989), Kann Film Festivalının fəxri “Qızıl palma budağı” (2011) və Venesiya Film Festivalının fəxri “Qızıl şir” mükafatlarına (2016) layiq görülüb. 2009-cu ildən sonra məşhur aktyor ekranda baş rollarda görünməyib. Amma 2018-ci ildə “Corse-Matina” qəzetinə müsahibəsində “Elə xoşbəxt həyat yaşadım ki, sonumdan qorxmuram” deyən aktyor hələ də filmə çəkilmək arzusunu gizlətməmişdi...
CAVİD