Biləsuvar Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Neftçala rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “AZLİNG 2021 – Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” mövzusunda onlayn elmi konfrans keçirilib.

Konfransda çıxış edən Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı və AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu müasir dünya dilçilik elminin inkişafı fonunda doğma ana dilinin tədqiqinə verdikləri töhfələrə görə elm xadimlərinə təşəkkür ediblər.

Tədbirdə fəxri qonaq qismində Pekin Xarici Dillər Universitetinin Asiya fakültəsi Türk dili kafedrasının müdiri, tanınmış çinli türkşünas-qorqudşünas, professor Lyu Gao, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva və Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlının məruzələri dinlənilib.

Daha sonra virtual konfrans panel iclaslarla davam edib. Dilçilik İnstitutu, Nizami adına Ədəbiyyat İnstitutu, Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikası Təhsil İnstitutu, Prezident yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dillər Universiteti, Bakı Avrasiya Universiteti, Pekin Xarici Dillər Universiteti və Avstraliyanın Svinbörm Texnologiya Universitetindən alim və gənc tədqiqatçıların (ümumilikdə 21 məruzə) məruzəsi dinlənilib.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib, konfransın materiallarından ibarət xatirə jurnalının tərtib olunması və “AZLİNG2022” konfransının növbəti ildə də keçirilməsi qərara alınıb.

N.MƏMMƏDLİ