İşğaldan azad olunmuş ərazilərin turizm potensialından səmərəli istifadə istiqamətində işlər görürük.
Azərbaycan Turizm Bürosunun (ATB) baş icraçı direktoru Florian Zenqstşmid bunu sentyabrın 7-də Moskvada işə başlayan “Отдых – Leisure” beynəlxalq sərgi və forumunda “Show Must Go On: Turizmin gələcəyi, səyahət tendensiyaları” mövzusuna həsr olunmuş sessiyada onlayn çıxış edərkən bildirib.
Florian Zenqstşmid çıxışında ATB tərəfindən postpandemiya dövründə turizm sənayesinin bərpası istiqamətində müxtəlifyönümlü tədbirlərin həyata keçirilməsi haqqında məlumat verib.
O, yeni turizm məhsulları və marşrutların inkişaf etdirilməsi, turizm infrastrukturunun təkmilləşdirilməsi, Naftalan şəhərinin destinasiya brendinin yaradılması və bu istiqamətdə aparılan işlər barədə danışıb.
Baş icraçı direktor həmçinin ölkədə uğurlu vaksinasiya prosesi nəticəsində artıq 42 ölkənin vətəndaş və rezidentləri üçün beynəlxalq sərhədlərin açıldığını, bunun da ölkədə turizm sənayesinin bərpasına müsbət təsir göstərəcəyini bildirib.
Moskvada sentyabrın 9-dək davam edəcək “Отдых – Leisure” beynəlxalq sərgi və forumunda 21 ölkə təmsil olunur. Forum çərçivəsində ölkəmizə həsr olunmuş “Azərbaycanın turizm imkanları və yeni marşrutların inkişafı” mövzusunda sessiya keçiriləcək.
27-ci dəfə təşkil olunan forum-sərgidə Azərbaycan tərəfindən “Azərbaycan Hava Yolları” QSC (AZAL), Azərbaycan Hotel Assosiasiyası, Naxçıvan Turizm Departamentinin nümayəndələri, eləcə də 11 yerli turizm şirkəti iştirak edir.