UNESCO: “COVİD-19 böhranı təhsil prosesini görünməmiş miqyasda pozub”
Əksər ölkələrdə yeni tədris ilinin başlandığı sentyabr ayı dünya təqvimində təhsil ilə bağlı əlamətdar günlərlə də diqqət çəkir. Məsələn, 8 sentyabr UNESCO tərəfindən “Beynəlxalq Savadlılıq Günü” kimi təsis olunub. 1967-ci ildən qeyd olunan bu günün məqsədi savadlılığın insanlar, icmalar və ümumilikdə cəmiyyət üçün faydasına diqqəti cəlb etməkdir.
UNESCO-nun saytında yer alan məlumata görə, bu il “Beynəlxalq Savadlılıq Günü”nün devizi “İnsana yönəlmiş bərpa naminə savadlılıq: rəqəmsal uçurumu aradan qaldırmaq”dır.
Qeyd olunur ki, COVİD-19 böhranı təhsil prosesini görünməmiş miqyasda pozub. Distant təhsil də daxil olmaqla təhsilin fasiləsizliyinin təmin olunması istiqamətində alternativ yollar tapmaq üçün səylər göstərilsə də, savadlılıq imkanları hamı üçün eyni dərəcədə əlçatan deyil. Üstəlik, distant təhsilə sürətli keçid, infrastruktur və texnologiyadan istifadə bacarığı, həmçinin öyrənmə imkanlarını məhdudlaşdıran elektrik enerjisinə çıxış kimi digər xidmətlərdəki fərqlər baxımından davam edən rəqəmsal uçurumu üzə çıxardı. Vurğulanır ki, 2021-ci ildə Beynəlxalq Savadlılıq Günü, həmçinin pandemiya şəraitində və ondan sonrakı dövrdə savadlılıq bacarıqlarının öyrədilməsi və öyrənilməsinin gələcək üsullarını yenidən düşünmək üçün vəsilə olmalıdır.
Sentyabrın 9-u isə “Təhsilin Hücumdan Müdafiəsi Günü” kimi beynəlxalq təqvimə düşüb. BMT-nin saytı xəbər verir ki, bu gün hazırda 35 ölkədə 3-18 yaş arasında insanların 75 faizinin yoxsul olmasına, habelə bu uşaqların təhsil almasını təcili dəstəkləməyə ehtiyac olduğuna diqqət çəkir. Eləcə də zorakılığın fəsadları ilə əlaqədar uşaqlardan və onların təhsil almaq bacarığından ötrü narahatlıq ifadə olunur. COVİD-19 pandemiyası ilə əlaqədar müvəqqəti bağlanmış məktəblərin şagirdlərinin ehtiyacları xüsusi diqqət tələb edir.
“Təhsilin Hücumdan Müdafiəsi Günü” BMT Baş Assambleyasının 2020-ci il mayın 28-də qəbul etdiyi qətnamə əsasında təsis edilib. Qətnamədə göstərilir ki, hökumətlər təhsilalanlar, xüsusən həssas durumda olanlar üçün bütün səviyyələrdə inklüziv, ədalətli və keyfiyyətli təhsilin təmininə və bu təhsilin müdafiəsinə görə məsuliyyət daşıyırlar. Sənəddə, həmçinin fövqəladə humanitar vəziyyətlərdə məktəblərin, təhsilalanların və müəllimlərin müdafiəsi, təhsilin əlçatanlığına mane olan hərəkətlərin qarşısının alınması, silahlı münaqişə vəziyyətində təhsilin əlçatan olması üçün bütün mümkün tədbirlərin görülməsinin zəruriliyi vurğulanır.
Xatırladaq ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı dövründə 1107 təhsil müəssisəsi və 855 uşaq bağçası tamamilə məhv edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 60 məktəb binası dağıntılara məruz qalmışdı. Şəhər və kəndlərə raket zərbələri zamanı öldürülən 100-ə yaxın mülki şəxsdən 10-u şagird olub.