İCESCO Beynəlxalq Savadlılıq Günü münasibətilə bəyanat yayıb

 

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (İCESCO) hər il sentyabrın 8-də qeyd edilən Beynəlxalq Savadlılıq Günü münasibətilə bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, İCESCO bütün dünyada, o cümlədən İslam ölkələrində savadsızlığın tamamilə aradan qaldırılması, təhsilin ən müasir standartlar səviyyəsində təşkili istiqamətində müxtəlif layihələr həyata keçirir.

“Təəssüf ki, savadsızlıq hələ də bir problem olaraq qalır. Qlobal miqyasda 773 milyon gənc və yaşlı insan, o cümlədən 617 milyon uşaq yazmağı və oxumağı bilmir. Yoxsul ölkələrdə, silahlı münaqişə zonalarında əhalinin bir hissəsi təhsildən məhrumdur. Bundan başqa, COVİD-19 pandemiyası ilə əlaqədar bir çox ölkələrdə təhsil müəssisələri fəaliyyətini dayandırıb. Onların bəzilərində uşaq və gənclərin distant təhsil almaq imkanları yoxdur”, – deyə bəyanatda vurğulanır.

Təşkilat diqqətə çatdırır ki, qadınların və qızların təhsilə daha çox cəlb edilməsi məqsədilə İCESCO tərəfindən uyğun layihələr həyata keçirilir, habelə 2021-ci il müsəlman dünyasında “Qadın İli” elan olunub. Üzv ölkələrdə bu proseslərin sürətləndirilməsinə nail olmaq məqsədilə İCESCO tərəfindən qadınlar və qızlar arasında təhsilin inkişafı üzrə QHT-lər və vətəndaş cəmiyyətləri arasında pilot layihələrin müsabiqəsi elan edilib. BMT-nin dayanıqlı inkişaf hədəflərinə çatmaq üçün bütün dünyada, o cümlədən İslam ölkələrində rəqəmsal inklüziv təhsilin inkişafı diqqət mərkəzində olmalıdır.