IV Dnepr Beynəlxalq Kitab Festivalında (“Dnepr Book Space”) dahi Azərbaycan şairi Nizami Gəncəvinin Ukraynada işıq üzü görmüş “Leyli və Məcnun” kitabının təqdimatı keçirilib. Kitab Azərbaycan Dövlət Tərcümə Mərkəzinin dəstəyi ilə nəşr edilib.

Mərkəzin Ukrayna təmsilçisi Marina Qonçaruk təqdimatı açaraq, Ukrayna-Azərbaycan ədəbi əlaqələri, qurumun bu sahənin inkişafına verdiyi töhfələr, Nizami Gəncəvi ədəbi irsinin tərcümələri və Ukrayna alimləri tərəfindən aparılan tədqiqatlardan bəhs edib.

Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Konqresinin nümayəndəsi Nəcəf Əhmədov iki xalq arasında ədəbi-mədəni əlaqələrin inkişafına xidmət edən tədbirin əhəmiyyətindən danışıb.

Ukraynalı məktəblilər “Leyli və Məcnun” əsərindən parçaları səsləndirib. Festival çərçivəsində “Leyli və Məcnun” kitabı ilə yanaşı, Dövlət Tərcümə Mərkəzinin Ukrayna dilində nəşrləri – “Müasir Azərbaycan poeziyası antologiyası”, İmadəddin Nəsiminin “Haqq yolu mən özüm oldum...” və digər kitablar sərgilənib.