Lənkəran Regional Mədəniyyət İdarəsi Lənkəran şəhər Heydər Əliyev Mərkəzində tanınmış pedaqoq və ədəbiyyatşünas Məmməd Ələkbərovun “Nizami Gəncəvi və Azərbaycan xalq yaradıcılığı” monoqrafiyasının təqdimatı keçirilib. Mərhum alimin namizədlik dissertasiyası AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun dosenti Əzizağa Nəcəfzadə tərəfindən kitab halında nəşr etdirilib. Tədbirdə Nizami yaradıcılığına həsr olunmuş ədəbi-bədii kompozisiya da təqdim edilib. Sonda Heydər Əliyev Mərkəzinin rəsm studiyasının istedadlı üzvlərinin “Nizami Gəncəvi əsərləri uşaqların gözü ilə” adlı sərgisinə baxış keçirilib.

Ağdaş Regional Mədəniyyət İdarəsi Göyçay rayon MKS-nin 9 saylı Mırtı kənd kitabxana filialının təşkilatçılığı ilə “Nizami Gəncəvi İli” münasibətilə “açıq kitabxana” təşkil edilib.

Sabirabad Regional Mədəniyyət İdarəsi Sabirabad rayon Heydər Əliyev Mərkəzində YAP Gənclər Birliyinin təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş Ümumrespublika “Xəmsə” intellektual festivalının II regional turu keçirilib. Müsabiqədə Sabirabad, Saatlı, Hacıqabul, İmişli, Beyləqan, Neftçala, Salyan, Şirvan, o cümlədən Xocavənd və Füzuli bölgələrini təmsil edən komandalar iştirak edib.

Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə “Nizami məqbərəsinin tarixi və taleyi” mövzusunda onlayn tədbir keçirilib. Tədbirdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sektor müdiri Mahir Qəhrəmanov, AMEA Gəncə Regional Bölməsinin şöbə müdiri, professor Xəlil Yusifli, Türkiyənin Səlcuq Universitetinin professoru Ali Temizel və Nizami Gəncəvi Muzeyinin direktor əvəzi Könül Süleymanova çıxış ediblər. Gəncə şəhər Mədəniyyət Mərkəzində isə “Nizami poeziyası Azərbaycan şeirinin ən uca zirvəsidir” mövzusunda dəyirmi masa keçirilib. Tədbirin sonunda iştirakçılar dahi şairə həsr olunan sərgiyə baxıblar.

NURƏDDİN