Tatarıstanın (Rusiya Federasiyası) paytaxtında 5-10 sentyabrda təşkil olunan XVII Kazan Beynəlxalq Müsəlman Filmləri Festivalında azərbaycanlı rejissor Daniel Quliyevin “Bastard” kinolenti “Qısametrajlı bədii filmlər” münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.

Təəssüratını bizimlə bölüşən Daniel Quliyev bildirdi ki, filmlərin təbliğatı üçün festivalların böyük əhəmiyyəti var. Bəzən heç yerdə baxa bilməyəcəyimiz filmləri festivallarda izləmək imkanı qazanırıq. Kazan film festivalı çox gözəl təşkil olunmuşdu. Ölkə ərazisinə təşkil etdikləri turlar, açılış və bağlanış mərasimləri yaddaqalan oldu. “Bastard” filmi 2019-cu ildə lentə alınıb və bəzi festivallarda iştirak edib. Ekran işində ailəsinin utancını qəbul edə bilməyən yeniyetmənin həyatından söz açılır.

Qeyd edək ki, builki Kazan Beynəlxalq Müsəlman Filmləri Festivalının münsiflər heyətinə Azərbaycanın Əməkdar incəsənət xadimi, kinorejissor, ssenarist və prodüser Elçin Musaoğlu rəhbərlik edib. Həmçinin rejissor Rüfət Həsənovun “Daxildəki ada” filmi festivalın müsabiqədənkənar “Türk dünyası” proqramına daxil edilmişdi. Elvin Adıgözəlin “Biləsuvar” filmi isə müsabiqənin “Tammetrajlı bədii filmlər” kateqoriyasında yer almışdı.

Lalə AZƏRİ