Son illər ərzində bir çox yüksəkvəzifəli məmurlar, yerli və mərkəzi icra orqanlarının rəhbərləri, eyni zamanda, sabiq rəhbərlər, nazirlər, icra başçıları cinayət məsuliyyətinə cəlb edilmişlər. Hər kəs bilməlidir ki, heç kim məsuliyyətdən yaxasını qurtara bilməz. Bunu mən dəfələrlə demişəm, bir daha demək istəyirəm, sizə də deyirəm və bu gün bütün digər məmurlara deyirəm – əgər məmurlar öz işində yenə də bu çirkin əməllərdən əl çəkməsələr, onların da aqibəti eyni olacaq.

Prezident İlham Əliyev bu sözləri sentyabrın 14-də Cəlilabad və Şəmkir rayonlarına icra başçıları təyin olunmuş Rafiq Cəlilovu və Rəşad Tağıyevi videoformatda qəbul edərkən bildirib.

Dövlət başçısı daha əvvəl bu xüsusda etdiyi çıxışları da xatırladaraq “Hətta çıxışlarımın birində demişdim ki, əgər təmiz işləmək istəmirsinizsə, getməyin bu işlərə, razılıq verməyin, yoxsa bədbəxt olacaqsınız. Əgər siz bu məsuliyyətin altına girirsinizsə, onda, bax, dediyim kimi, qanun çərçivəsində işləməlisiniz və bu yüksək etimadı doğrultmalısınız”, – deyə əlavə edib.

Prezident vurğulayıb ki, bu xəbərdarlıqdan nəticə çıxarmayanlar sonda özlərini biabır edirlər: “Əgər kimsə hesab edir ki, bu, onlar üçün nəticəsiz qalacaq, səhv edir”.

“Mən hesab edirəm, artıq hər kəs başa düşüb ki, dövlət məmuru nümunə olmalıdır, yerlərdə insanların dolanışığı, insanların rahatlığı dövlət məmurunun fəaliyyətindən asılıdır. Onlar elə işləməlidirlər ki, daim insanlarla bir yerdə olsunlar. Mənim tövsiyələrimin içində bu tövsiyə də həmişə xüsusi yer tutur. Sizə də deyirəm, siz insanların arasında olmalısınız, onlarla daim təmasda olmalısınız, onların qayğıları ilə yaşamalısınız və çalışmalısınız ki, imkan daxilində onlara kömək edəsiniz”, – deyə Prezident İlham Əliyev bildirib.