Bu il Azərbaycan saz-söz sənətinin inkişafında məxsusi yeri olan ustad aşıq Hüseyn Şəmkirlinin anadan olmasının 210 illiyi tamam olur. Dastan və aşıq havalarının yaradılmasında böyük xidmətləri olan sənətkarın yubileyinin qeyd olunması üçün Azərbaycan Aşıqlar Birliyində (AAB) bir sıra tədbirlər nəzərdə tutulub. Bunlardan biri də ustadın adıyla bağlı olan “Aşıq Hüseynlə Reyhan xanım” dastanının gənc aşıqların ifasında yeni variantda səhnələşdirilərək ictimaiyyətə təqdimatıdır.
Bu barədə məlumat verən AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, artıq ilkin hazırlıq işlərinə başlanıb. Dastandakı poetik mətnlərin xeyli hissəsi Hüseyn Şəmkirlinin bəstələdiyi “Hüseyni”, “Dilqəmi”, “Sümayi”, “Şəmkir sarayı” və “Köhnə gözəlləmə” havaları üstündə səsləndiriləcək.
Dastan oktyabr ayında “Mədəniyyət” kanalında Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə efirə gedən “Saz-söz axşamı” verilişində gənc aşıqlar Vüqar Şəmkirli və Maşallah Dünyamalıyev (aşıqları balabanda Ramil Allahverdiyev müşayiət edir) tərəfindən təqdim olunacaq.