Forumda Türk dünyasında vahid informasiya məkanının yaradılması təklif olunub…

 

Sentyabrın 15-də Qazaxıstanın paytaxtı Nur-Sultanda “2021: Dünya yeni mənalar axtarışında” mövzusunda XVII Avrasiya Media Forumu işə başlayıb. Toplantılarının bir qismi həmçinin onlayn şəkildə keçirilən forum  müxtəlif ölkələrdən media nümayəndələrini, beynəlxalq ekspertləri, siyasətçiləri, elm adamlarını, ictimai və mədəniyyət xadimlərini bir araya gətirib.

Forumda ölkəmizi Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Kütləvi informasiya vasitələri ilə iş sektorunun baş məsləhətçisi Kamran Həsənov, Rəqəmsal media ilə iş sektorunun baş məsləhətçisi Orxan Səttərov təmsil edirlər.

Birillik fasilədən sonra keçirilən Avrasiya Media Forumun proqramının ilk günü dünyanın aparıcı mütəxəssislərinin praktiki ustad dərslərinə həsr olunub.

Forumun ikinci və üçüncü günlərinin mövzuları dünya siyasəti və iqtisadiyyatı, media, ekologiya, təhsil və futurologiya kimi sahələri əhatə edir.

Pandemiyanın qlobal proseslərə və insanlararası münasibətlərə təsirini, media və texnologiya sahələrindəki tendensiyaları, qeyri-dəqiq məlumatların həddindən artıq çox olması problemi müzakirə mövzusudur.

***

Beynəlxalq Türk Akademiyası (qərargahı Nur-Sultan şəhərində yerləşir) XVII Avrasiya Media Forumunun təşkilat komitəsi ilə birlikdə “Türkdilli ölkələrdə media. Yeni reallıqda əməkdaşlığın inkişafı” adlı dəyirmi masa təşkil edib.

Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Macarıstan və Tacikistandan media menecerləri və ekspertlər dəyirmi masada iştirak ediblər.

Azərbaycandan politoloq, teleaparıcı Tofiq Abbasov, Türkiyənin NTV telekanalının Xarici xəbər xidmətinin meneceri Ahmet Yeşiltepe, Macarıstan “Duna TV” şirkətinin direktoru Palfi İstvan, Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli, Türkmənistan Dövlət Xəbər Agentliyinin (TDH) direktor müavini, “Avesta” İnformasiya Agentliyinin baş redaktoru Janothan Kurbanovanın qatıldıqları görüşdə Türk dünyası ilə Mərkəzi Asiya ölkələri arasında media sahəsində əməkdaşlığa dair müzakirələr aparıblar.

Çıxış edənlər Türk dünyası KİV-lərinin yeni reallıqlarda əməkdaşlığı inkişaf etdirməsinin və təcrübə mübadiləsi aparmasının, həmçinin qarşıda duran maneələrin aradan qaldırılmasının vacibliyini vurğulayıblar. Eyni zamanda, türkdilli ölkələrin televiziya tarixi layihələrinin mübadiləsi üçün platforma yaratmağı təklif ediblər.

İştirakçılar türk dünyasında vahid informasiya məkanının yaradılması perspektivləri və KİV-lər arasında mübadilə dəhlizinin yaradılması ilə bağlı fikirlərini bölüşüblər.

Qeyd edək ki, qlobal pandemiya ilə əlaqədar dünyanın müxtəlif ölkələrindən jurnalistlərin və media təmsilçilərinin Forumda onlayn iştirakı təmin olunur.