Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu və Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu və Atatürk Araşdırma Mərkəzi Ağdam Rayon İcra Hakimiyyəti ilə birlikdə 16-18 sentyabrda “Müstəqilliyinin 30 ilində Azərbaycan-Türkiyə əlaqələri və beynəlxalq münasibətlər” mövzusunda simpozium keçirir.
Azərbaycanın Vətən müharibəsində Zəfərinin ildönümünə və dövlət müstəqilliyimizin bərpasının 30 illiyinə həsr olunan tədbirə iki ölkədən 30-dan çox tarixçi alim qatılıb.
Simpoziumda “Azərbaycan Respublikasının müstəqillik dövrü tarixi”, “Qarabağ Zəfərinə doğru gedən prosesdə Türkiyə-Azərbaycan strateji əlaqələri”, “Batum müqaviləsindən (4 iyun 1918) Şuşa Bəyannaməsinə (15 iyun 2021) Türkiyə-Azərbaycan əlaqələri” və digər mövzular üzrə məruzələr dinləniləcək.
Simpozium iştirakçılarının işğaldan azad edilmiş ərazilərə səfərləri də nəzərdə tutulur.