Masallı Regional Mədəniyyət İdarəsi Masallı rayon Mərkəzi Kitabxanasında “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda tədbir keçirilib.

Şəmkir Regional Mədəniyyət İdarəsi Göygöl rayonu üzrə nümayəndəliyin təşəbbüsü ilə Göygöl rayon MKS-nin Xidmət şöbəsində 15 sentyabr – Bilik Gününə həsr olunmuş tədbir keçirilib.

Ağdaş Regional Mədəniyyət İdarəsi Zərdab rayon MKS-nin 6 saylı Qoruqbağı kənd kitabxana filialında Beynəlxalq Sülh Günü (21 sentyabr) münasibətilə “Göyərçinim – sülh quşum” adlı tədbir təşkil olunub.

Ağstafa Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Xalq şairi Hüseyn Arifin (1924-1992) Ağstafadakı ev-muzeyində tanınmış qələm sahibinin vəfatının 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib. Qazax Dövlət Rəsm Qalereyasında “Gəlin, sülhə səs verək” başlığı altında dərnək üzvlərinin əl işlərindən ibarət sərgi təşkil edilib.

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Mərkəzi Kitabxanası Oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin Quba filialında tanınmış şair, Yazıçılar Birliyinin üzvü Ramiz Qusarçaylının oxucularla görüşü keçirilib. MKS-nin Aşağı Xuc kənd kitabxanasında balaca oxucularla “Kitab böyük bir aləmdir” mövzusunda söhbət aparılıb. MKS-nin l Nügədi kənd kitabxanası isə açıq havada uşaqlar üçün “nağıl saatı” keçirib.

Şəki Regional Mədəniyyət İdarəsi Şəki şəhər Heydər Əliyev Mərkəzində “Sənətkarlıq incisi – təkəlduz irsimiz” adlı layihə həyata keçirilib. İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi (SDC) Bakı ofisinin maliyyə və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) təşkilati dəstəyi ilə gerçəkləşən layihə çərçivəsində 50 gənc qız arasından təkəlduz sənətinə həvəsli olan 20 nəfər seçilib, onlar üçün ustad dərsləri təşkil olunub.

Şəki şəhər 4 nömrəli Uşaq musiqi məktəbində pedaqoji şuranın iclası keçirilib. Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalova iclasda çıxış edərək müvafiq tövsiyələr verib. Regional idarənin tabeliyindəki Balakən rayon İtitala kənd Folklor evində “Aşıq Ələsgər – sazın, sözün zirvəsində” başlığı altında dəyirmi masa təşkil edilib.

Qax Dövlət Kukla Teatrının yaradıcı heyəti “Nizami Gəncəvi İli” ilə əlaqədar Gəncə Dövlət Kukla Teatrının qonağı olub. Qaxlı aktyorlar “Xeyir və Şər” tamaşasını təqdim ediblər. Sonra Gəncə teatrının hazırladığı “Düyməcik” tamaşasına baxış olub. Qax teatrının yaradıcı heyəti Vətən müharibəsi zamanı Gəncədə Ermənistanın raket hücumları nəticəsində dağılmış yaşayış binalarının olduğu əraziyə də baş çəkərək həlak olan dinc sakinlərin xatirəsini ehtiramla yad ediblər.

Biləsuvar Regional Mədəniyyət İdarəsi Biləsuvar şəhər Uşaq incəsənət məktəbində idarə rəhbərliyinin iştirakı ilə 2021/2022-ci tədris ilinə həsr olunmuş iclas keçirilib. Salyan rayon Mədəniyyət Mərkəzində təşkil olunan seminarda isə şəhər və kənd mədəniyyət müəssisələrinin fəaliyyətinə dair hesabatlar dinlənilib.

Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı Füzuli rayonunun bir sıra mədəniyyət müəssisələrinə baxış keçirib. İdarə rəisi Böyük Bəhmənli, Qarabağ və Horadiz kəndlərinin musiqi məktəblərində, Böyük Bəhmənli kənd Mədəniyyət evində, 1 və 2 nömrəli kənd kitabxana filiallarında olub, müvafiq tapşırıqlar verib.

NURƏDDİN