Sentyabrın 15-də Qafqaz İslam Ordusu tərəfindən Bakının erməni-bolşevik işğalından azad edilməsindən 103 il ötdü. Bu münasibətlə bölgələrdə müxtəlif tədbirlər keçirilib.
“Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə Ağsu rayonunun Padar kəndindəki Bilal Əfəndi məscidində “Qafqaz İslam Ordusu və Ağsu” mövzusunda elmi seminar keçirilib. Seminarda rayon İcra Hakimiyyətinin əməkdaşı Kənan Tağızadə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Qəbələ Regional İdarəsinin rəisi Tərxan Tahirli, qoruğun direktoru, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, Qafqaz İslam Ordusunun əsgəri olmuş Məhəmməd Əfəndinin oğlu Məhəmmədəli Həsənov və Bilal Əfəndinin nəvəsi Xanım Nurəhmədova çıxış ediblər.
Gəncə şəhərinin Heydər Əliyev prospektində “Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır” devizi altında hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların yürüşü olub. Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Vətən müharibəsi qaziləri, rəsmi şəxslər və şəhər sakinləri əllərində Azərbaycan və Türkiyənin bayraqları yürüşü izləyiblər.
Türkiyənin Gəncədəki Baş Konsulluğunda Bakının işğaldan azad olunmasının 103-cü ildönümü ilə bağlı mərasim keçirilib. Gəncə Şəhər İcra Hakimiyyəti rəhbərliyi və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib. Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk qeyd edib ki, Bakının işğaldan azad edilməsi Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu tarixin yazılmasında Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun xüsusi rolu var. Bu ordunun tərkibində vuruşan mindən çox türkiyəli əsgər və zabit şəhidlik zirvəsinə ucalıb.
Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü münasibətilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində də hərbi yürüş keçirilib.
Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa Dövlət Rəsm Qalereyasında əlamətdar ildönümü münasibətilə dərnək üzvlərinin əl işlərindən ibarət rəsm sərgisi nümayiş olunub. Regional idarənin tabeliyində fəaliyyət göstərən Ağstafa rayon Mədəniyyət Mərkəzi, rayon MKS-nin Mərkəzi Kitabxanası və filialları, Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq musiqi məktəbi, Qazax rayon MKS, 1 nömrəli Uşaq musiqi məktəbi, Dövlət Rəsm Qalereyası, M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi, Tovuz Dövlət Rəsm Qalereyası, Qovlar şəhər Uşaq musiqi məktəbi, Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi və Tarix-Diyarşünaslıq Muzeyi də əlamətdar günlə bağlı müxtəlif tədbirlər təşkil ediblər.
NURƏDDİN