Çox sevinirik ki, artıq bu gün Milli Musiqi Gününü qeyd edəndə doğma Qarabağımız, Şuşamız azaddır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz bu sevinci bizə yaşadıb. Biz Qarabağa, Şuşaya qovuşmuşuq və bu torpaqlarımıza ruhumuzu, mədəniyyətimizi qaytarmalıyıq. Bu gün Uzeyir Hacıbəylinin doğum günündə bu musiqi bayramını və onun adını daşıyan festivalı qalib əhval-ruhiyyədə Şuşada da keçiririk. Festivalın bir konserti Şuşada təşkil olunub. Qalib xalqın mədəniyyətini qədim şəhərimizdə nümayiş etdiririk.

Mədəniyyət naziri Anar Kərimov bu sözləri 18 sentyabr – Milli Musiqi Günü münasibətilə Fəxri xiyabanda, Azərbaycan klassik musiqi sənətinin və milli bəstəkarlıq məktəbinin banisi Uzeyir Hacıbəylinin məzarı önündə keçirilən mərasim zamanı jurnalistlərə açıqlamasında deyib.

“Azərbaycan xalqı buna sevinir, Üzeyir Hacıbəylinin ruhu şaddır. Bundan sonra festivallarımızı daha çox Şuşada keçirəcəyik. Beləliklə, Şuşaya bu qədim şəhərimizin ruhunu, mədəniyyətimizi qaytaracağıq. Bu şəhərin mədəniyyətimizin beşiyi, Qafqazın konservatoriyası olmasını bir daha dünyaya nümayiş etdirəcəyik”, – deyə nazir qeyd edib.

Anar Kərimov ümumilikdə ölkəmizin hər yerində mədəni həyatın canlanacağını, regionlarda, kəndlərdə mədəniyyət evlərinin fəaliyyətinin aktivləşdiriləcəyini söyləyib: “Məqsədimiz mədəniyyətimizi regionlara daşımaqdır. Biz mədəniyyətimizi nə qədər təbliğ etsək, əcdadlarımızdan qalan mirasa sahib çıxsaq, mədəniyyətimiz o qədər güclü olacaq. Bunun üçün də ən gözəl vasitə mədəniyyət müəssisələrimiz – teatrlarımız, muzeylərimiz, klublarımız, mədəniyyət mərkəzlərimizdir”.

Nazir mədəniyyət sahəsində problemlərin həlli istiqamətində tədbirlərin davam etdiyini də vurğulayıb. Bildirib ki, ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifə mədəniyyət sahəsindəki nöqsanları aşkar etmək və aradan qaldırmaqdır: “İslahatlarda əsas istiqamət də mədəniyyət sahəsinə yeni bir idarəetmə sistemi formalaşdırmaq, şəffaflığı, cavabdehlik məsuliyyətini təmin etməkdir. Pandemiya dövrü olduğuna görə tədbirləri istədiyimiz kimi tez həyata keçirə bilmirik. Buna baxmayaraq, əzmkar, qətiyyətliyik. Nöqsanların aradan qaldırılması üçün araşdırmalara başlamışıq. Bəzi binalar yarasızdır, təmir olunmalıdır. Söhbət təkcə təmirdən də getmir, həmin mədəniyyət müəssisələrimizə yeni məzmun da gəlməlidir. Biz də buna çalışırıq”.