Bölgələrdə “Üzeyir musiqi günü”
Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin dünyaya gəldiyi 18 sentyabr tarixi ölkəmizdə ənənəvi olaraq Milli Musiqi Günü (“Üzeyir musiqi günü”) kimi qeyd edilir. Bu münasibətlə bölgələrdə fəaliyyət göstərən mədəniyyət müəssisələrində tədbirlər keçirilib.
Sumqayıt Regional Mədəniyyət İdarəsi Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq incəsənət məktəbində keçirilən konsertdə məktəbin müəllimlərindən ibarət xor kollektivi Üzeyir bəyin “Arşın mal alan” operettasından kompozisiya ifa edib. Sumqayıt şəhər F.Əmirov adına 5 nömrəli Uşaq musiqi məktəbində keçirilən tədbirdə isə böyük bəstəkarın “Koroğlu” operasından “Uvertüra”, “Leyli və Məcnun” operasından “Şəbi-hicran” xoru və s. əsərləri səsləndirilib.
Şəmkir Regional Mədəniyyət İdarəsinin Göygöl rayonu üzrə nümayəndəliyinin və Göygöl “Gənclər evi”nin birgə təşkilatçılığı ilə Heydər Əliyev parkında yerləşən “Yaşıl teatr”da “Azərbaycan musiqisinin tacı – Üzeyir Hacıbəyli” adlı tədbir gerçəkləşib.
Ağdaş Regional Mədəniyyət İdarəsi Habil Əliyev adına Ağdaş şəhər Uşaq musiqi məktəbində keçirilən tədbirdə regional idarənin rəisi Səxavət Məmmədov və rayon İcra Hakimiyyətinin məsul işçisi Möhlüd Hacıxanov və başqa qonaqlar iştirak edib. Musiqi məktəbi müəllim və şagirdlərinin, xor kollektivinin, xalq çalğı alətləri ansamblı və incəsənət ustalarının ifasında Üzeyir bəyin ölməz musiqiləri səsləndirilib, səhnəciklər nümayiş etdirilib. Arif Məmmədov adına Göyçay şəhər Uşaq musiqi məktəbi, Zərdab rayon Uşaq incəsənət məktəbi və rayon Mədəniyyət Mərkəzində əlamətdar günlə bağlı tədbirlər keçirilib.
Sabirabad Regional Mədəniyyət İdarəsi Sabirabad rayon Mədəniyyət Mərkəzi tərəfindən Milli Musiqi Günü münasibətilə tədbir təşkil edilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov və regional idarənin rəisi Fərid Qurbanzadə çıxış edərək Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından danışıblar. Üzeyir Hacıbəylinin ömür və sənət yolundan bəhs edən qısametrajlı film nümayiş olunduqdan sonra tədbir Sabirabad şəhər Ü.Hacıbəyli adına Uşaq musiqi məktəbinin müəllim və şagirdlərinin ifasında maraqlı konsert proqramı ilə davam edib. Konsert proqramına rayonun Əhmədabad kənd Folklor evinin “Axısxa halay-türk” folklor rəqs kollektivinin çıxışı ilə yekun vurulub.
Kürdəmir Regional Mədəniyyət İdarəsi Kürdəmir rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə rayon Tarix-Diyarşünaslıq Muzeyində “Üzeyir Hacıbəyli – Azərbaycan musiqisinin tacıdır” adlı tədbir keçirilib. Kürdəmir rayon Heydər Əliyev Mərkəzi, İmişli rayon Mədəniyyət Mərkəzi və Xocavənd rayon Mədəniyyət evində də musiqimizin bayramı ilə bağlı tədbirlər təşkil edilib.
Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Xan Şuşinski adına Uşaq muğam musiqi məktəbinin müəllim və şagirdləri rəngarəng musiqi proqramları ilə çıxış ediblər. Eyni zamanda məktəbin kollektivi tərəfindən paytaxtda Üzeyir Hacıbəylinin Ev-Muzeyi və məzarı ziyarət olunub.
Şəki Regional Mədəniyyət İdarəsi Şəki şəhər 4 nömrəli Uşaq musiqi məktəbində “Üzeyir Musiqi Günü” adlı tədbir keçirilib. Şəki şəhər 2 nömrəli Uşaq musiqi məktəbi, Oğuz rayon MKS-nin Baş Daşağıl kənd kitabxana filialı və rayon Tarix-Diyarşünaslıq Muzeyində də Milli Musiqi Günü ilə bağlı rəngarəng tədbirlər təşkil edilib.
İsmayıllı Regional Mədəniyyət İdarəsi İsmayıllı rayon Heydər Əliyev Mərkəzində “Üzeyir ömrü” filmi nümayiş olunub. Şamaxı Dövlət Rəsm Qalereyası, Qəbələ rayon Heydər Əliyev Mərkəzi və rayon Uşaq incəsənət məktəbində də müxtəlif səpkili tədbirlər keçirilib.
Masallı Regional Mədəniyyət İdarəsi N.Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində konsert proqramı təqdim olunub. Mərkəzin solistləri və instrumental ansamblının ifasında musiqi nömrələri maraqla qarşılanıb.
Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə konsert proqramı keçirilib. Dahi bəstəkarın məşhur əsərlərindən örnəklər səsləndirilib. Qazax Dövlət Rəsm Qalereyasında “Musiqi ruhun qidasıdır” başlığı altında sərgi təşkil olunub. Ağstafa şəhər H.Arif adına Uşaq musiqi məktəbi, rayon MKS, Qazax rayon Mədəniyyət Mərkəzi, rayon MKS, 1 və 2 nömrəli Uşaq musiqi məktəbləri və Tovuz rayonundakı Uşaq musiqi məktəbləri əlamətdar günlə bağlı tədbirlər keçiriblər.
Biləsuvar Regional Mədəniyyət İdarəsi Biləsuvar şəhər Uşaq incəsənət məktəbində keçirilən təbirdə Milli Musiqi Gününün tarixindən və Üzeyir bəyin musiqimizin inkişafına töhfələrindən söz açılıb. Salyan Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Musiqi ömrün bəzəyidir” adlı sərgi təşkil olunub.
Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə filarmoniyanın həyətində ümumşəhər konsert proqramı keçirilib. Tədbir filarmoniyanın direktor əvəzi, Əməkdar artist Elçin Elçiyevin rəhbərliyi ilə “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının (bədii rəhbər – Sahil Quliyev, baletmeyster – Sənan Cavadov) ifasında “Çahargah rəngi” ilə başlayıb. Filarmoniyanın solisti, Əməkdar artist Kəmalə Tağızadə “Sənsiz”, Samir Məmmədov “Sevgili canan” romanslarını, Xəyal Əliyev isə “Qara göz” mahnısını ifa ediblər. Gəncə şəhər Uşaq incəsənət məktəbi, Samux rayon Mədəniyyət Mərkəzi, Xocalı rayon Mədəniyyət evi və Goranboy rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi də Milli Musiqi Günü ilə bağlı müxtəlif tədbirlər təşkil ediblər.
N.MƏMMƏDLİ