Bu ilin martında Ankarada Azərbaycanla Türkiyə arasında Mədəniyyət üzrə birgə komissiyanın iclasında müzakirə olunan məsələlərə dair tədbirlər planının hazırlanması yekunlaşmaqdadır.
Bu barədə Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun sentyabrın 16-da Özbəkistanın Xivə şəhərində TÜRKSOY Daimi Şurasının iclası çərçivəsində Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy ilə görüşündə fikir mübadiləsi aparılıb.
Söhbət zamanı nazir Anar Kərimovun Türkiyəyə və Türkiyə mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircanın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərlərindən söz açılıb, ortaq layihələr və mədəniyyət sahəsində birgə fəaliyyətin və əməkdaşlığın perspektivləri müzakirə edilib. İncəsənət, muzey, kitabxana, mədəni irs kimi sahələrdə davamlı işlərin aparılmasının vacibliyi qeyd olunub.
Anar Kərimov ikitərəfli qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini qeyd edib, mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsindən məmnunluğunu ifadə edib. Nazir vurğulayıb ki, Azərbaycan-Türkiyə münasibətləri bütün türk dövlətləri üçün örnək olmalıdır.
Nazir türkiyəli həmkarına Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan yenidənqurma və bərpa işləri barədə məlumat verib.
Ölkələrimiz arasında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi ilə əməkdaşlıq çərçivəsində mədəni irsin qorunması, tarixi abidələrin bərpası istiqamətində də münasibətlərin genişlənməsindən məmnunluq ifadə edilib.
Anar Kərimov cari ilin 6-10 oktyabr tarixində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının keçiriləcəyini diqqətə çatdırıb, sərgi-yarmarkada Türkiyədən nümayəndələrin və nəşriyyatların da iştirakının nəzərdə tutulduğu bildirilib.
Həmçinin görüşdə Türkiyədə “Yunus Əmrə İli” və Azərbaycanda “Nizami Gəncəvi İli” çərçivəsində həyata keçirilən layihələr və gələcəkdə birgə təşkili planlaşdırılan tədbirlər barədə müzakirələr aparılıb.