Pasportlaşdırılan abidələrdən 15-i işğaldan azad edilmiş ərazilərdə yerləşir

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə 6308 tarix və mədəniyyət abidəsi dövlət mühafizəsinə götürülüb.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən verilən məlumata görə, tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması və mühafizə zonalarının müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

2021-ci ildə 110 tarix-mədəniyyət abidəsinin pasportu hazırlanaraq təsdiq edilib. Son illər ümumilikdə 368 tarixi abidənin pasportları hazırlanıb.

Pasportlaşdırılan abidələrdən 15-i işğaldan azad edilmiş ərazilərdəki tarix-memarlıq nümunələridir. Həmin pasportlar hələ işğal dövründə arxiv materialları, tarixi sənədlər, fotolar və internet resursları hesabına ərsəyə gəlib.

Pasportları hazırlanan tarix-memarlıq abidələri Şuşa şəhərində yerləşən Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa və Saatlı məscidləri, Xan qızı Natəvanın evi, Mehmandarovların malikanə kompleksi, Hacıqulların malikanəsi, Əsəd bəyin mülkü, Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarası, Şirin su hamamı, Ağdam şəhərində Qutlu Musa oğlu türbəsi, Cümə məscidi, Kəlbəcər rayonunda Gəncəsər və Xudavəng monastırları, Laçın rayonunda Malik Əjdər türbəsi və Xocavənd rayonunda yerləşən Amaras monastırıdır.

Abidələrin mühafizə zonalarının müəyyənləşdirilməsi üzrə 243 layihə hazırlanıb. Mühafizə zonaları müəyyən edilərkən müvafiq olaraq layihələr rayon-şəhər icra hakimiyyətləri, Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılır və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən təsdiqlənir.

Cari il üçün pasportlaşma üzrə 155, mühafizə zonalarının müəyyənləşdirilməsi üzrə 108 layihənin hazırlanması nəzərdə tutulur. Buraya işğaldan azad edilmiş ərazilərdə yerləşən 42 tarix-mədəniyyət abidəsinin pasportunun hazırlanması və 10 abidənin mühafizə zonasının müəyyənləşdirilməsi də daxildir.