Türkiyənin Bursa vilayətində “Bir millət, iki dövlət” şüarı altında Azərbaycan günləri keçirilib. Layihə Bursada fəaliyyət göstərən “GİM AZDER” dərnəyinin təşəbbüsü, Bursa Böyükşəhər, Karacabey bələdiyyələrinin, İğdır Mədəniyyət, Sosial və Həmrəylik, İstanbul Azərbaycan Dostluq, Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik, eləcə də “GİM ULSİAD” dərnəklərinin təşkilati dəstəyi ilə ərsəyə gəlib. Azərbaycan günləri çərçivəsində sentyabrın 21-də Bursanın Karacabey rayonunda Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin adına parkın açılışı olub.

Mərasimdə Milli Qəhrəmanın ailə üzvləri, Diasporla İş üzrə Dövlət Komitəsinin, Bursa və Karacabey bələdiyyələrinin nümayəndələri iştirak ediblər.

Mehtər qrupunun ifasında  Azərbaycanın vətənpərvərlik mahnılarının səsləndirilməsi ilə başlayan tədbirdə Karacabəy Bələdiyyəsinin başqanı Əli Özkan, Şirin Mirzəyevin xanımı Flora Qasımova, “Gələcəyin İnsanları Məkanı, Gələcəyin İmkanları Məkanı – Azərbaycan” dərnəyinin sədri Hüseyn Vəliyev çıxış ediblər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbədən bəhs olunub, qardaş Türkiyənin hər zaman Azərbaycanın yanında olması vurğulanıb. Diqqətə çatdırılıb ki, Bursada Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adını daşıyan park da açılıb. Bu parklar Türkiyə-Azərbaycan qardaşlıq və dostluq münasibətlərinin bariz nümunəsidir.

Şirin Mirzəyevin xanımı Flora Qasımova Milli Qəhrəmanın adının Türkiyədə əbədiləşdirilməsinə görə Karacabəy Bələdiyyəsinə minnətdarlığını bildirib.

Tədbirdə Əli Özkan Xalq şairi Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə”  şeirini, Hüseyn Vəliyev isə şəhidlərimizə həsr etdiyi şeirini oxuyublar.

Milli Qəhrəmanın ailəsi adından Şuşa şəhərindəki Natəvan bulağının şəkli Karacabəy Bələdiyyəsinə, Azərbaycanın Qələbəsini əks etdirən xatirə hədiyyələri Bursa Böyükşəhər Bələdiyyəsinə təqdim olunub.

Mehparə SULTANOVA
Ankara