Xəbər verdiyimiz kimi, Gürcüstandan bir qrup media nümayəndəsi və bloger Azərbaycana səfərə gəlib. Onlar sentyabrın 21-də Füzuli və Cəbrayıl rayonlarında, daha sonra Şuşada olublar.

Sentyabrın 22-də Gəncəyə gələn gürcüstanlı jurnalistlər və blogerlər ötən ilin oktyabrında Ermənistanın günahsız mülki insanlara qarşı raket hücumları ilə törətdiyi cinayət səhnələri ilə tanış olublar.

Qeyd olunub ki, əhalinin sıx yaşadığı ərazilərə “Toçka-U”, “Smerç”, “Skad” və digər raketlərlə gecə saatlarında hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyıb. Mülki vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması insanlığa qarşı cinayətdir. Ermənistan beynəlxalq hüquqa məhəl qoymadan müharibə cinayətlərini davam etdirib.

Jurnalist Maryam Latabidze gördüklərindən dəhşətə gəldiyini deyib: “Mülki insanlara qarşı bu cür vəhşiliklər böyük faciədir. Azərbaycan sonda Zəfər qazandı və öz ərazi bütövlüyünü bərpa etmək uğrunda böyük addım atdı. Həlak olan bütün dinc sakinlərə Allahdan rəhmət diləyirəm”.

Gürcüstanlı jurnalist və blogerlər heyəti sentyabrın 23-də Ağdama səfər edib. Qonaqlara ermənilərin işğal müddətində Azərbaycanın mədəni, tarixi və dini abidələrinə qarşı törətdiyi vəhşiliklər barədə ətraflı məlumat verilib.