Şəki Regional Mədəniyyət İdarəsi S.Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzində Milli Musiqi Gününə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Mərkəzin metodisti Nuriyyə Əlimova dahi bəstəkarın həyat və yaradıcılıq yolundan söhbət açıb.
Daha sonra “Çeşmə” instrumental ansamblının ifasında “Koroğlu” operasından “Uvertüra” səsləndirilib. Sonra gənc müğənni Arzu Dunusova, mərkəzin bədii rəhbəri Əfrayim Yahyayev bəstəkarın yaradıcılığından nümunələri ifa ediblər. Gecə “Arşın mal alan” filmindən musiqi nömrələrinin səsləndirilməsi ilə başa çatıb.
Regional idarənin əhatə etdiyi Balakən rayon Katex kənd Folklor evinin təşkilatçılığı ilə “Musiqi ruhun qidasıdır” başlığı altında konsert keçirilib. Konsertdə Folklor evinin bədii rəhbəri Rafael Nəbiyev, Talalar kənd Sənətkarlıq evinin bədii rəhbəri Rasim Alqayev və gənc könüllü Ruslan Mollaçıyevin ifalarında dahi bəstəkarın “Sənsiz”, “Sevgili canan” romansları və xalq mahnıları səsləndirilib.