Biləsuvar Regional Mədəniyyət İdarəsi Salyan rayon Mədəniyyət Mərkəzinin Sarvan Folklor evində Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunan ədəbi-bədii gecə keçirilib. Dayıkənd Mədəniyyət evinin rəhbəri Mənsurə Hüseynova və bədii rəhbər Gülər Abasova aşığın qoşmalarından ibarət kompozisiya təqdim ediblər.
Ədəbi-bədii gecədə Şorsulu kənd klubunun rəhbəri, müğənni Aqil Cəbiyev və Sarvan Folklor evinin metodisti, müğənni İlqar Sarvanlı aşığın sözlərinə bəstələnmiş mahnıları ifa ediblər.
Salyan rayon Mədəniyyət Mərkəzinin Qarabağlı Diyarşünaslıq evində də saz-söz ustadının yubileyi münasibətilə tədbir təşkil edilib. Tədbirdə Aşıq Ələsgərin həyat və yaradıcılığından söz açılıb, sənətkarın sözlərinə yazılmış mahnılar ifa edilib, ustadın ömür yoluna həsr edilən ədəbi-bədii kompozisiya nümayiş olunub.
Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Goranboy rayon Xanqərvənd kənd kitabxanasında Aşıq Ələsgərin 200 illiyinə həsr olunmuş “Haqq aşığı” adlı tədbir keçirilib.