Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayonu Binə qəsəbəsində Vətən müharibəsinin şəhid leytenantı Məmməd Zamanlının xatirəsinə inşa olunan bulağın açılışı olub. Açılışda rəsmilər, qazilər, 149 saylı tam orta məktəbin kollektivi, Xəzər rayon MKS-nin əməkdaşları, şəhidin ailə üzvləri və qəsəbə sakinləri iştirak ediblər. Müdafiə Nazirliyi Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin rəisi, polkovnik-leytenant İlkin Qayıbov şəhidin gəncliyimiz üçün örnək olan həyat və döyüş yolu barədə ətraflı məlumat verib. Daha sonra mərkəzin solistlərinin ifasında vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Əski İqriq kənd kitabxanasında “44 günlük müharibə – Zəfər tariximiz” mövzusunda tədbir keçirilib. MKS-nin Küpçal kənd kitabxanasının əməkdaşları Vətən müharibəsi şəhidi Nuran Mirzəyevin məzarını ziyarət ediblər.

Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax Dövlət Rəsm Qalereyasının əməkdaşları Vətən müharibəsi şəhidi Xaliddin Veyislinin xatirəsinə inşa edilmiş bulağı ziyarət ediblər.

Şəki Regional Mədəniyyət İdarəsi Balakən rayon Katex kənd Folklor evi və kənd kitabxanasının işçiləri II Qarabağ müharibəsi şəhidi Yusif Təmirov və Aprel döyüşləri şəhidi Elvin Devrişovun məzarlarını ziyarət ediblər. Balakən rayon Şərif, Şambul kənd Sənətkarlıq klubları və Yeni Şərif kənd Sənətkarlıq evinin əməkdaşları Vətən müharibəsi şəhidi Heybullah Əsdiyevin ailəsi ilə görüşüblər. Zaqatala rayon Mərkəzi Kitabxanasında Vətən müharibəsinin qaziləri ilə görüş təşkil edilib.

Ağdaş Regional Mədəniyyət İdarəsi Ucar rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən Vətən müharibəsi şəhidi Kərim Əliyevin məzarı və ailəsi ziyarət olunub.

İsmayıllı Regional Mədəniyyət İdarəsi Ağsu rayon Uşaq musiqi məktəbində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuzun 44 günlük Vətən müharibəsindəki tarixi Qələbəsinə həsr olunmuş tədbir təşkil edilib. Qəbələ Dövlət Rəsm Qalereyasında Vətən müharibəsi şəhidləri Mikayıl Mikayıllı və Fariz Rəhimovun xatirəsinə həsr edilmiş tədbir keçirilib.

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Heydər Əliyev Mərkəzində N saylı hərbi hissənin əsgər və zabitlərinin, Ağcabədi Pedaqoji Kolleci tələbələrinin iştirakı ilə 27 sentyabr – Anım Günü münasibətilə “Azadlığı al qan ilə biz dağlara yazdıq” adlı tədbir keçirilib.

Biləsuvar Regional Mədəniyyət İdarəsi Salyan rayon mədəniyyət işçiləri Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış Soltan İbrahimovun ailəsinə baş çəkib, onların qayğıları ilə maraqlanıblar.

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Qaradağlı kənd Diyarşünaslıq evi, Şadlı kənd klubu və kitabxana filialının təşkilatçılığı ilə Qaradağlı kəndində Vətən müharibəsi şəhidi Əli İsmayılovun evində şəhid və qazi ailələri ilə “Şəhidlərimizi tanıyaq və tanıdaq” adlı görüş keçirilib. Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində Xocalı rayon Mədəniyyət evi, rayon Mərkəzi Kitabxanası və Xocalı şəhər 5 saylı klubun birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin adı ilə bağlı olan “Şəhidlər” bulağı ziyarət edilib.

Hazırladı: N.MƏMMƏDLİ