İsmayıllı Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Şamaxı rayon M.Ə.Sabirin Ev-Muzeyində yazıçı, dramaturq Şəmsəddin Abbasovun (1906-1975) anım günü ilə əlaqədar “Əsrin xatirəsi” mövzusunda dəyirmi masa keçirilib.

Şəki Regional Mədəniyyət İdarəsi Qax rayon S.Vurğun adına Mədəniyyət Mərkəzində görkəmli şairə, xeyriyyəçi Xurşudbanu Natəvanın həyat və yaradıcılığına həsr olunmuş “Səni kimdir sevən, bunun kimi qərənfil” adlı tədbir keçirilib. Qax MKS-nin şəhər 4 nömrəli kitabxana filialında “açıq kitabxana” təşkil edilib.

Xaçmaz Regional Mədəniyyət İdarəsinin videokonfrans formatında geniş tərkibdə iclası keçirilib. İdarənin rəisi Vüsal Hüseynov 27 sentyabr – Anım Günü və Zəfər Günü (8 noyabr) münasibətilə mədəniyyət müəssisələri tərəfindən silsilə tədbirlərin keçirilməsi, videoçarxların hazırlanması və işıqlandırılmasının vacibliyini vurğulayıb. Quba rayon MKS-nin Qamqam kənd kitabxana filialı açıq havada fonda yeni daxil olunmuş kitabların təqdimatını keçirib.

Ağdaş Regional Mədəniyyət İdarəsi Ağdaş rayon Heydər Əliyev Mərkəzində Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin əməkdaşları ilə görüş keçirilib. Görüşdə kənd mədəniyyət müəssisələrinin fəaliyyətinin dirçəldilməsi məqsədilə əməkdaşlara metodiki köməkliklər göstərilib və müvafiq tapşırıqlar verilib. Regional idarənin əhatə etdiyi klub müəssisələrində sənədləşdirmə işlərinin aparılma qaydaları, əhaliyə göstərilən mədəni xidmət çeşidlərinin artırılması ilə bağlı treninqlərin keçirilməsi nəzərdə tutulub.

Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı Füzuli rayonunun Qarabulaq, Şəkərcik kənd, şəhər 1 və 2 nömrəli uşaq incəsənət məktəblərinin fəaliyyəti ilə tanış olub. Füzuli rayon Mərkəzi Kitabxanasında şair Kərəm Salehoğlunun yaradıcılığına həsr olunmuş “Hər iki aləmdə” adlı tədbir keçirilib.

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov “Gəncəsənət” sərgi-yarmarkasının yüksək səviyyədə təşkilinə görə “Cavad xan” Tarix-Mədəniyyət Fondunun birinci vitse-prezidenti Müzadil Həsənova və Gəncə İctimai İştirakçılıq Məclisinə və məclisin üzvü Gülnar Məmmədovaya regional idarənin təşəkkürnamələrini təqdim edib.