Sentyabrın 24-də Xətai Sənət Mərkəzində “Misilsiz cəsarət” adlı rəsm sərgisinin açılışı keçirildi. Mədəniyyət Nazirliyi, “ASAN Xidmət”, Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Sənət Mərkəzi və “ASAN Könüllülük Məktəbi”nin təşkilatçılığı ilə gerçəkləşən sərgi 27 sentyabr – Anım Gününə həsr olunub.
Sərginin ekspozisiyasında Azərbaycan rəssam və heykəltəraşlarının Vətən müharibəsi qəhrəmanlarına həsr olunan müxtəlif üslub və janrlarda əsərləri yer alır.
Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirildi. Sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov çıxış edərək sərginin təşkilində əməyi keçən təşkilatlara minnətdarlığını bildirdi. Direktor qeyd etdi ki, müzəffər Ali Baş Komandanın rəhbərliyi altında igid oğullarımız 44 gündə 44 ilə bərabər bir qəhrəmanlıq göstərdilər. Vətən torpaqlarını işğaldan qurtaran, bizə Qələbə bəxş edən şəhidlərimizin əziz xatirəsi qəlbimizdə hər zaman yaşayacaq.
Bildirildi ki, rəssamlar sərgiyə böyük maraqla yanaşıblar. Təqdim olunan əsərlər işlənmə texnikası, kompozisiyası və rəng baxımından müxtəlifdir. Sərgidə həm gənc, həm də yaşlı rəssamların ümumilikdə 50 əsəri nümayiş olunur.
Sonra iştirakçılar sərgi ilə tanış oldular.
Sərginin açılış mərasimində şəhid Rəcəb Məmmədovun ailə üzvləri də iştirak edirdi. Qəhrəmanın bacısı Aytən Rəcəbovanın, qardaşı da daxil olmaqla, şəhidlər silsiləsindən əsərləri sərgidə yer alır.
Tədbirin sonunda Aytən Rəcəbova sərgidə iştirakına görə “ASAN Könüllülük Məktəbi” tərəfindən diplomla təltif edildi.
LALƏ