Azərbaycan cüdoçusu Hidayət Heydərov iyulun 29-da “Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.
73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız həlledici qarşılaşmada fransalı Con Benjamin Qaba ilə üz-üzə gəlib. Rəqibinə qızıl xal bölümündə ipponla qalib gələn cüdoçumuz Olimpiya çempionu adını qazanıb və “Paris-2024”də millimizin aktivinə ilk medalı yazdırıb.
Bununla da Hidayət Heydərov həm Avropa, həm dünya, həm də Olimpiya çempionu adını qazanmaqla Azərbaycan idmanının tarixinə düşüb.
Olimpiadada mübarizəyə 1/8 final mərhələsindən qoşulan cüdoçumuz birinci görüşdə İsrail idmançısı Tohar Butbulu, 1/4 finalda isə kanadalı Artur Margelidonu ipponla məğlub edib, yarımfinalda kosovolu Akil Qyakovaya qalib gəlib.
***
İyulun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Olimpiya çempionu adını qazanan cüdoçu Hidayət Heydərova zəng ediblər.
Dövlətimizin başçısı və birinci xanım Olimpiadanın cüdo yarışlarında parlaq qələbə qazanması münasibətilə Hidayət Heydərova təbriklərini çatdırıb, ona gələcək idman fəaliyyətində yeni qələbələr arzulayıblar.
Hidayət Heydərov telefon zənginə və səmimi təbriklərə görə dövlətimizin başçısına və birinci xanıma təşəkkürünü bildirib, Olimpiadada Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmaqdan və Dövlət Himnimizin səsləndirilməsindən qürur duyduğunu vurğulayıb. O, yeni uğurlar əldə etmək üçün bundan sonra da səylə fəaliyyət göstərəcəyini deyib.
***
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir: “Əhsən! Əhsən! Əhsən, Hidayət! Təbrik edirəm! Yaşasın Azərbaycan!”.