Ötən həftə «Caspian Plaza» biznes mərkəzində Latviyanın «More Travel» turizm şirkəti azərbaycanlı həmkarlarına 2011-ci ildə «Baltikyanı xəzinələr» adlı turpaketi təqdim edib. 
   Yeddi günlük turlar mayın ortalarından sentyabrın sonunadək Latviyanın «Air Baltic» aviakompaniyası tərəfindən həyata keçiriləcək. Turpaketə gediş və gəliş qiymətləri, «Holiday Inn Vilnius», «Old Riga Palace» və «Radisson Blu Tallinn» kimi dördulduzlu hotellərdə qalmaq, rusdilli bələdçinin müşayiəti ilə ekskursiya xidmətləri daxildir. Turpaketin qiyməti 899 avrodur. 6 gün ərzində arzu edənlər əlavə məbləğ ödəməklə Finlandiyanın paytaxtı Helsinki şəhərini də ziyarət edə bilərlər.
   Bu məlumatları tədbir iştirakçılarına «More Travel» turizm şirkətinin Baltik ölkələri üzrə meneceri Svetlana Privalenkova çatdırdı. Öz növbəsində Azərbaycanın turizm şirkətlərinin təmsilçiləri ona bir sıra suallar ünvanladılar. Onları əsasən Şengen vizası ilə bağlı yaranan problemlər və turpaketdə uşaqlar üçün nəzərdə tutulan qiymətlər maraqlandırırdı. Şirkət rəhbərlərinin sözlərinə görə, hələ sovet vaxtından azərbaycanlıları Baltikyanı ölkələrdə istirahət çox maraqlandırıb.
   Svetlana Privalenkova jurnalistlərə açıqlamasında bildirdi ki, təmsil etdiyi şirkətin təklif etdiyi tur türkiyəli turistlər arasında çox məşhurdur: «Ümid edirik ki, bu tur azərbaycanlı turistlərin də marağına səbəb olacaq. Onlara öz xidmətlərimizi təklif etməyə hazırıq».
   Qeyd edək ki, «More Travel» turizm şirkəti təkcə Latviya, Litva və Estoniyaya deyil, eyni zamanda bir sıra Avropa və Skandinaviya ölkələrinə, o cümlədən Norveç, İsveç və Finladiyaya da turlar həyata keçirir. 

   F.Abdullayeva