Yaxud qalib, amma yorğun qəhrəmanların xatirə yükü

 

İkinci Qarabağ müharibəsinin yenilməz qəhrəmanları, məğlubedilməz döyüşçüləri, sarsılmaz Azərbaycan ərənləri... Bizi Zəfərə qovuşduran, bütün dünyaya güc və iradəmizi, ən vacib anda bir yumruğa çevrilib düşmən başını əzə biləcəyimizi göstərən qüdrətli xalqın müzəffər Ordusunun üzvləri idi onlar.

Bir il əvvəl bizlər “Ordumuz cəbhənin bütün istiqamətlərində irəliləyir” cümləsinə sevinəndə məhz o oğullar, məhz o igidlər bizi ağlımıza belə gəlməyəcək qısa zamanda Zəfərə, işğal altında inildəyən tarixi torpaqlarımıza qovuşdurdular. Təbii ki, savaşda qələbə itkisiz, qurbansız qazanılmır. Azərbaycan yüzlərlə Vətən oğlunu bağrına basdı, yenə yüzlərlə ananın, atanın, bacının, qardaşın, övladın təsəllisinə, sığalçısına çevrildi.

Vətənin şəhadətlə, qurbanlarla qazandığı Zəfərin, daddığı vüsal şərbətinin bir baş qəhrəmanı da qazi adlı mücahidlərdir. Onlar bədənində, ruhunda, bütün varlığında savaşın ağrılarını, itkilərini, müharibənin ən amansız cizgilərini daşıyır. Ağır, çox ağır olur onlarla danışmaq, söhbətə cəhd eləmək. Hər cümlələri, hər deməyə çalışıb deyə bilmədikləri bir itkidən, bir ağır sarsıntıdan, bir qan damlayan yaradan xəbər verir. Yəqin elə buna görədir ki, müharibə iştirakçıları döyüş xatirələrindən, aldıqları yaralardan danışmağı sevmirlər. Bunu bilsəm də, hər məqamda da onlarla danışmaq, onları danışdırmağa çalışıram...

 

Savaşdan normal həyata qayıtmaq üçün

 

Bakının Buzovna qəsəbəsindəki Sanator-Kurort Reabilitasiya Mərkəzində müalicə alan bir neçə qazi ilə söhbət etmək şərəfinə nail oldum. Fürsətdən istifadə edib mərkəzin iş fəaliyyəti, qazilərə göstərilən xidmətlərlə də maraqlandım.

Mərkəzin baş direktoru Mürsəl Mürsəlov Vətən müharibəsi qazilərinə göstərilən xidmətlər haqqında danışdı, qəhrəman oğullarımızla keçən vaxta nəzər saldı: “Ən müasir tələblərə cavab verən mərkəzimiz Prezident İlham Əliyevin göstərişi ilə Səhiyyə Nazirliyi tərəfindən tikilib. 14 noyabr 2020-ci il tarixində, müharibədən 4 gün sonra isə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmanlıq göstərən Vətən müharibəsi qazilərinin istifadəsinə verilib. Onlar bizdə müalicə alıb normal həyatlarına qayıdırlar, ya da müvafiq qurumdakı komissiya tərəfindən əlillik dərəcəsi veriləndən sonra müalicələrini digər tibb və reabilitasiya müəssisələrində davam etdirirlər. Biz onlarla ilk dövrdə, yəni xəsarət alıb müvafiq tibbi yardımdan sonrakı məqamda məşğul oluruq. Bu mənada müharibədən, səngərdən, o ağrılardan çıxıb xəstəxanadan sonra ilk təmasda olduqları adamlar bizim mütəxəssislər olur.

Təbii ki, bu şərəfli və çətin işdir. Düzdür, indi artıq öyrəşirik, necə deyərlər, onlara necə yanaşacağımızı bilirik. Amma, gəlin, 14 noyabrı xatırlayaq. Təsəvvür edin, hamımız həyəcanlı halda ilk xəstələrimizi qəbul edirik. Savaşın qəhrəmanlarını, Qarabağı bizə qaytaran oğulları görəcəkdik. Birinci qrup 11 nəfər idi, aşağı ətrafların hərəkətinin məhdud olduğu qazilər. Onların da 7-si tam hərəkət edə bilmirdi. Çox çətin idi. Birdən-birə o döyüşçülərə niyə gəzə bilmədiklərini, bunun üçün uzun və gərgin proseslərdən keçəcəklərini izah etmək, onların bu vəziyyətlə barışmadıqlarını görmək, darmadağın psixologiyalarını toparlamağa çalışmaq ağır idi. Şükür, onlardan üçü sağalıb ayağa qalxdı. Dördünün müalicəsi isə Türkiyədə davam etdirilir. Çoxunun iradəsi güclü idi, vəziyyətlə barışıb, “Sağlamlığımı Vətən üçün itirmişəm və bununla qürur duyuram” deyirdi, bəzisi də özünü bütün ətraf aləmə qapatmışdı...”.

Həmsöhbətim deyir ki, bu günədək mərkəzdə 1231 qazi xidmət görüb. Onların arasında təkrar-təkrar, kurs müalicələr alanlar da çoxdur. Bir kurs 15 gündür. Amma bəzi xüsusi xəstələrimiz təxminən 4 ay fasiləsiz burada qalıb müalicə prosesindən keçiblər: “Mərkəzimizdə qazilər üçün nevroloji və psixoloji müalicələr, fizioterapiya, bolneoterapiya, hidromasaj, müalicəvi masaj, müalicəvi bədən tərbiyəsi, loqoped xidməti təşkil olunub. Əsasən xəstələrimiz bura kəllə-beyin, onurğa-beyin travmaları, dayaq-hərəkət və periferik sinir sisteminin zədələnmələri diaqnozları ilə göndərilir. Bu diaqnozlar içərisində əsasən periferik sinir sisteminin travmaları üstünlük təşkil edir. Qürurla deyə bilərəm ki, müalicə kursu ərzində qazilərimizin psixoloji durumunda maksimum yaxşılaşma əldə olunur”.

 

Qazilər üçün müharibə hələ bitməyib...

 

Mərkəzdə olduğum bir neçə saatda bir fikrə tam əmin oldum: qazilər üçün müharibə hələ də bitməyib.

...Nahar vaxtı çatdı, qazilərə mane olmamaq üçün Mürsəl həkimlə söhbətimizi iri və işıqlı yeməkxananın küncündəki masada davam etdirdik. Aradan az vaxt keçdi və yeməkxanada canlanma başladı. Qazilər tibbi personalın müşayiəti ilə bir-bir geniş və rahat zalda yerlərini aldılar. Naharın ardınca öz aralarında söhbətə başladılar. Məqamı dəyərləndirmək istəyirdim ki, Mürsəl həkim sonuncu xəbərdarlığını da etdi: “Qazilərlə ünsiyyət elə də asan olmur. Onlar istəmədikcə, siz onları danışdıra bilməzsiz. Xahiş edirəm, çalışaq, xüsusən yaralandıqları məqamı xatırlatmayaq. Ola bilər, kimsə özü istəyər, danışar, onda biz də yalnız dinləyərik. Heç təsəllidən də xoşları gəlmir. Bir şeyi də deyim, burada müalicə alan hərbçilər, ələlxüsus da Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edənlərin əksəriyyəti səbirsizliklə tez sağalıb xidmətə qayıtmağı gözləyirlər. Hərbçilərin 80 faizi orduya yararlı olmaq üçün əzmlə bütün prosedurlardan keçirlər”.

Həkim danışdıqca nəzərlərim əlil arabasındakı gözü yol çəkən yaşlı kişiyə sataşır. Mərkəz rəhbəri diqqətimi görüb “Bizim müəssisədə təkcə qazilər müalicə almır. Şəhidlərin ailə üzvləri də ehtiyac olduqda müəyyən müalicələri qəbul edirlər. Bu həm burada müalicə alan qazilərə, həm də elə ailələrə müsbət təsir edir. Qazilərimiz kimi şəhidlərimizin doğmaları da bizim üçün əzizdir, dəyərlidir. Gördüyünüz şəxs də Vətən müharibəsi şəhidlərimizdən Emilin atası Vaqif dayıdır. Oğlunun şəhadətindən sonra iki dəfə insult keçirib” dedi. Eşitdiklərimin ağırlığı altında asta-asta ağsaçlı kişiyə tərəf getdim. İstədim xatirələrin və təəssüratların ağsaqqal sözünü o desin...

– Lənkərandan şəhid Emil Qurbanovun atasıyam. Sentyabrın 27-də onun da döyüşü başladı, oktyabrın 27-30-u arasında isə şəhid oldu. Ehtiyatda olan baş leytenant idi. Səfərbərlik elan olunan kimi gedib yazıldı siyahıya. Qızım, bilirsən, o, çox qüvvətli idi. Ağırlıqqaldırma üzrə çempion idi. Onu hər yerdə tanıyırdılar, sevirdilər. Lənkəranda orta məktəbdə hərbi hazırlıq müəllimi idi, idman klubunda da dərs deyirdi. Oğlumun bu qədər güclü olduğunu onun şəhadətindən sonra bildim. Ailəli idi, 20 yaşında bir qızı da var. Özünün çevrəsi, nüfuzu, işi. Amma yenə də mənim gözümdə uşaq idi oğlum. Elə bil birdən-birə böyüdü, atasını da, anasını da, bütün nəslini də gözü yolda qoyub getdi. Ondan sonra bu günə düşdüm. İki dəfə mən insult oldum, sonra yoldaşım... 40 yaşında şəhid oldu oğlum. Dedi İlham Əliyev bizi səsləyir, gedib vətənimizi qorumalıyıq, erməni dığası kimdi ki...

 

Qaliblərlə söhbət

 

Bu dəm ucaboy bir gənc bizə yaxınlaşdı, əlini atanın çiyninə qoyub “Dayıcan, bütün şəhidlər kimi Emil qardaşımız da cənnətdədir” deyib gülümsündü. Daha doğrusu, içinə axan göz yaşlarını, hayqırtılarını təbəssümünə təslim elədi. Məqamdı, onu da, bizi qalib edən yol yoldaşlarını da tanıyaq.

Allahverdi Heydərov:

– 21 yaşım var. 2019-cu ilin aprelində həqiqi hərbi xidmətə çağırıldım. Andiçmədən sonra XTQ-yə seçildim. Təlimlərə başladıq. Müharibə vaxtı da o qüvvələrin tərkibində kəşfiyyatçı kimi Murovdağ silsiləsindən 25 kilometr dərinliyə getdik. Düşmən qüvvələri ilə qarşılaşdıq və mövqeyimizi dəyişib Füzulidən eyni istiqamətdə irəliləməyə başladıq. Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində döyüşdüm, oktyabrın 22-də Tuğ kəndində yaralandım. Ayağım və belim sındı, bir müddət hərəkətsiz qaldım, sonra avtomatıma tərəf sürünüb mən də atışmağa başladım. Bu an sol ayağımdan da snayperlə vuruldum. 50 metr məsafədən, yüksəklikdən bizi atəşə tutsalar da, sonradan özləri geri çəkilməyə məcbur oldular. Kömək gəldi və biz mühasirədən, itkilərlə də olsa, qurtulduq. Çobanov Üzeyir adlı dostum, qubalı igid vardı. Nə qədər qışqırsam da, məhəl qoymadı və atəş altında qaça-qaça gəlib məni yaralı halda əsir düşməkdən xilas etdi, arxasına alıb apardı. Yolboyu mənə “Vurulsaq da, burdan çıxmalıyıq” dedikcə Allaha yalvarırdım ki, güllələr mənə dəysin, heç olmasa, o salamat çıxsın. Yaralansaq da, hər ikimiz o vəziyyətdən çıxdıq. Bir neçə ay xəstəxanada yatdım, indi də burada müalicə alıram. Təəssüf ki, XTQ-dən tərxis olundum. Artıq polis sıralarında fəaliyyət göstərəcəm, yenə də Vətənimə xidmət edəcəm.

Kapitan Ceyhun Bayramov:

– Culfa rayonundanam. Burada çox gözəl şərait var. Artıq ikinci dəfədir ki, burada müalicə alıram. İlk gələndə hədsiz ağrılarım vardı, ayaqlarım, demək olar ki, yerimirdi. Sağ olsunlar, fizioterapiyadan sonra ayaqlarım, qismən də olsa, düzəldi. Buna da şükür. 33 yaşım var, ağır da olsa, həyat hələ qarşıdadır. 14 yaşımdan hərbidəyəm, lisey, sonra da Azərbaycan Ali Hərbi Məktəbində oxudum. Qusarda, Tərtərdə xidmət elədim. Çaylıda batareya komandiri olmuşam. Sonra Tapqaraqoyunluya getdik, döyüşə də oradan başladıq. 44 günün hamısında artilleriyada olmuşam. Amma müharibədən, döyüşdən danışmaq istəmirəm, danışa bilmirəm, xahiş edirəm, siz də sual verməyin. Bu, təkcə sizinlə bağlı deyil, mən ümumən o mövzuda danışa bilmirəm. Məsələn, uşaqlıq dostum Sənan Zamanovdan necə keçmiş zamanda danışım?! Onunla birlikdə döyüşdük, o, şəhid oldu. Biz birlikdə nəfəs alırdıq. Məndən yox, ondan yazarsız, onu yad edərsiz... Ailəliyəm, 6 və 1 yaşında iki övladım var. Amma üst-üstə hesablasan, heç onları 50 gün görməmişəm. Bu gün onlar mənimlə nəfəs alırlar. Mən yenə orduya qayıtmaq, Vətənə xidmət eləmək istəyirəm.

Gizir Vüsal İbayev:

– Tank komandiriyəm. Nə danışım? Müsahibə verə bilmirəm, heç xoşum da gəlmir. 2012-ci ildən hərbidəyəm, döyüş yolum Füzuli rayonunun Alxanlı kəndindən başladı. Füzulidə, Cəbrayılda döyüşmüşəm. Cəbrayılın tam azad olunmasında şəxsən iştirak etmişəm. Sentyabrın 29-da Füzulidə tankımız vuruldu, sonra biz Cəbrayıla keçdik, orada da döyüşdük. Nə isə, davam eləyə bilmirəm. Bu döyüş mənim, bizim borcumuz, hərbçi kimi vəzifəmiz idi və döyüşdük də. Bu yolu seçəndə də gec-tez ölümü dadacağımızı bilirdik. Qubadlının birinci kəndini almışdıq, orada yaralandım. Heç nə düşünmədən irəliləmişik daim. Öldürülən dostlarının, silahdaşlarının intiqamını almaq hissi bütün qorxu və həyəcana qalib gəlir. Döyüşməyə həvəsin, əzmin olur. Bu mənada yəqin ki, heç vaxt dostlarımın, xüsusən mexanikim Vüqar İbadovun ölümünü unutmayacam. Düzdü, şəhidlərin hamısı bizim üçün əzizdi, amma illərdir bir xidmət etdiyim hərbçi yoldaşlarımı unuda bilməyəcəm, unutmayacam.

Cəlal Aslanov:

– 21 yaşım var. Füzulidə, Qubadlıda döyüşdüm, Daşaltıyadək getdim. Orada yaralandım. Piyada döyüşçü idim. Yadıma salmaq istəmirəm, çox pis oluram. Allah bütün şəhid dostlarımıza rəhmət eləsin. Əslində, biz qısa zamanda bir-birimizi tanıdıq, ani rastlaşan, təzə tanış olan da illərin dostu kimi hal-əhval tuturdu. Dəhşətlisi də bu idi, bir neçə dəqiqə əvvəl tanış olduğun, danışdığın səngər yoldaşının şəhidliyinə şahid olursan, heç adını belə yaddaşına yazmamış, gözlərini qapayırsan, çarəsizcəsinə vəziyyətlə barışmağa çalışırsan. Bəlkə burada saxlayaq...”.


Nahar da, söhbət də, istirahət vaxtı da, elə onların bizə ayırdığı zaman da bitdi. Yeməkxana boşaldı və qəribə, izahsız hisslərin müşayiətində mən də oranı tərk etdim. Yaddaşımın bir küncündə isə xidmətini davam etdirdiyi üçün müsahibədən imtina edib “İnşallah, zaman gələr sizi taparam və müharibədən xatirələrimi mütləq danışaram. İndi heç özümdən də danışa bilmirəm. Keçəcək, bunlar da keçəcək. Əsas odur ki, biz qalib olduq” deyib uzaqlaşan gizirə yer saxladım...

Həmidə NİZAMİQIZI