Sentyabrın 18-dən 24-dək uğurla gerçəkləşən Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı yaddaşlarda silinməz iz qoydu. Üzeyir musiqi bayramı pandemiya məhdudiyyətləri dövründə ölkəmizin mədəni həyatında, sözün gerçək mənasında, hadisəyə çevrildi.

Builki festival tam başqa bir əhval bəxş edir, hər notu, hər rəngi müqəddəs hisslər yaşadırdı. Çünki festival bu il şanlı Qələbə ruhlu, zəfər sevincli notlarla zəngin idi. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə ənənəvi qaydada (ötən il videofestival formatında keçirilmişdi) gerçəkləşən festival bir çox əlamətdar hadisələrlə yadda qaldı.

Musiqi bayramının ilk konserti 18 sentyabrda əzəli torpağımız, Prezident İlham Əliyevin sərəncamı ilə mədəniyyət paytaxtımız elan olunmuş azad Şuşada keçirildi. Konsert Üzeyir bəyin doğma yurdunda, dahi bəstəkarın heykəlinin yenidən ucaldıldığı parkda reallaşdı. Konsertdə F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında bir-birindən dəyərli musiqilər səsləndirildi. Bu konsert həm də azad Şuşada ilk Milli Musiqi Gününün (Üzeyir Musiqi Günü) qeyd edilməsi ilə yaddaşlara yazıldı.

Həmin gün axşam Bakıda, Filarmoniyada Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti təqdim edildi. Konsertlər üçün darıxmış tamaşaçı və səhnə üçün darıxan musiqiçiləri görüşdürən gecə unudulmaz idi.

Festival çərçivəsində F.Əmirov adına Mahnı və Rəqs Ansamblının konsertləri Nizami yurdu Gəncədə və Ağdamda (Quzanlı qəsəbəsi) da baş tutdu. Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunub. Ansamblın ifasında da Nizaminin sözlərinə bəstələnmiş əsərlərə xüsusi yer ayrılmışdı. Gəncəyə səfəri çərçivəsində kollektiv üzvləri Nizami Gəncəvinin məqbərəsini ziyarət edib, Nizami Muzeyi ilə tanış oldular. Ağdam Muğam Mərkəzində baş tutan konsert də dinləyicilər tərəfindən yüksək dəyərləndirilmiş, proqramda xalq və bəstəkar mahnıları, “Qarabağ şikəstəsi” təqdim edilmişdi. Festival konsertlərinin paytaxtla yanaşı bölgələrdə də keçirilməsi yerlərdə milli və klassik musiqimizin gənc nəslə təbliği baxımından önəm kəsb edir. 

Üzeyir festivalı təkcə musiqili gecələr və tədbirlərlə deyil, həmçinin incəsənətin digər sahələrini də özündə ehtiva edən tədbirlərlə əlamətdar oldu. Belə ki, festival çərçivəsində görkəmli baletmeyster Rəfiqə Axundovanın 90 illiyi münasibətilə çəkilmiş “Balet – ömrüm mənim” filmi nümayiş etdirildi. Film Mədəniyyət Nazirliyinin sifarişi ilə “Dublyaj” studiyasında lentə alınıb. Təqdim olunan digər ekran əsəri isə “Azərbaycan opera inciləri”  adlanırdı. Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilmiş və milli operamızı geniş beynəlxalq auditoriya qarşısında təbliğ etmək məqsədi daşıyan bu ekran işində Əməkdar artist Ramil Qasımovun Ü.Hacıbəylinin “Koroğlu”, Ə.Bədəlbəylinin “Nizami”, M.Maqomayevin “Nərgiz”, R.Qlierin “Şahsənəm”, F.Əmirovun “Sevil” və R.Mustafayevin “Vaqif” operalarında əsas partiyaları ifası yer alıb.

Azərbaycan Dövlət Akademik Filarmoniyasında, filarmoniyanın Kamera və orqan musiqisi zalında və digər mədəniyyət ocaqlarında təşkil olunan konsertlər, eləcə də Akademik Opera və Balet Teatrında dahi bəstəkarın “Leyli və Məcnun” operasının nümayişi musiqi-sənət mühitimizin uzun fasilədən sonra normala dönməsinin nəzərə çarpan əlamətləri idi.

Builki musiqi bayramında gənclərə xüsusi yer ayrılmış, onların özlərini böyük səhnədə nümayiş etdirmələrinə münbit şərait yaradılmışdı. Çünki böyük bəstəkarımız Üzeyir Hacıbəyli də əsas diqqətini gənclərin yetişdirilməsinə vermişdi. “Üzeyir sənətinin gənclik sədaları” adlı silsilə konsertlərin təşkili dahi musiqiçinin ideallarına sadiqliyin nümayişi idi. Layihə çərçivəsində gənclərin ifasında tamaşaçılara zəngin proqram təqdim olundu. İstedadlı pianoçu Vurğun Vəkilovun solo konserti, Əməkdar artist İlham Nəzərov və onun tələbələrinin iştirakı ilə vokal musiqi axşamı, “Gənclərə dəstək” layihəsi iştirakçılarının konserti, “Xəzər dalğası” adlı layihə çərçivəsində “Xəzər” Universitetinin kamera orkestri və solistlərin iştirakı ilə konsert, həmçinin yeni yaradılan “cadeNZa” orkestrinin çıxışları festivalın yaddaşlarda iz qoymasına vəsilə oldu. 

Müxtəlif ölkələrdən musiqiçilərin görüş yerinə çevrilən ənənəvi festivalın qonaqları arasında Bakıda ilk dəfə çıxış edənlər də vardı. ABŞ-dan gələn iki iştirakçı – həmvətənimiz, Azərbaycanın Əməkdar artisti Nərgiz Əliyarova (piano), beynəlxalq müsabiqələr laureatı Sergey Antonov (cello) və polşalı sənətçilər Pavel Kotla (dirijor), İvona Sobotka (soprano) paytaxtımızın musiqili payızına bahar təravəti gətirdilər. Necə ki, vaxtilə dahi Üzeyir bəy Şərq və Qərb musiqi mədəniyyətləri arasında yıxılmaz təsir bağışlayan “sədd”in aradan qaldırılmasına nail olmuşdu. Onun adını daşıyan festival da dünyanın müxtəlif şəhərlərindən musiqiçiləri bir araya gətirərək Şərqlə Qərb musiqiçilərinin arasında yeni sənət körpülərinin qurulmasına töhfə verir.

Üzeyir festivalı çərçivəsində bir neçə kitab təqdimatı da keçirildi ki, bu nəşrlər musiqi sənətimizin tarixini öyrənmək və dünyada təbliğ etmək baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli musiqişünas alim, akademik Zemfira Səfərovanın yeni nəşr olunmuş “Şuşa Azərbaycanın musiqi qalasıdır” (Azərbaycan və rus dillərində) kitabı, “Türk dünyasının musiqi ulduzu – Üzeyir Hacıbəyli” (türk dilində) monoqrafiyasının təkrar nəşri və onun rəhbərlik etdiyi işçi qrup tərəfindən hazırlanan “Azərbaycanın musiqi tarixi” çoxcildliyinin V cildinin təqdimatı da festivala töhfələrdən biri oldu. Həmçinin festival çərçivəsində Milli Kitabxana və Mədəniyyət Nazirliyinin birgə layihəsi olan “Milli musiqi xəzinəmizdən” adlı layihə çərçivəsində çap olunmuş not kitablarının geniş auditoriyaya təqdim edildi.

Festivalın gedişində “Üzeyir Hacıbəyliyə ithaf” beynəlxalq bəstəkarlıq müsabiqəsi qaliblərinin təltifetmə mərasimi və yekun konsert isə musiqimizin xaricdə təbliğinə hər zaman diqqət yetirildiyini nümayiş etdirmiş oldu. Bu ilin yanvarında elan olunan müsabiqə Nyu-Yorkda fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı, Amerika-Azərbaycan Musiqi Fondunun iştirakı, Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın ABŞ-dakı Səfirliyinin dəstəyi ilə reallaşıb.

Dahi Üzeyir Hacıbəylinin əbədiyaşar yaradıcılıq irsinə sevgi və ehtiramın nümayişi olan festivalın rəngarəng konsertləri aylardır pandemiya girdabında qalmış mədəni həyatımıza yeni ab-hava gətirdi, ruhumuzu dinləndirən melodiyalara qol-qanad verdi. Altı gün ərzində təqdim olunan konsert proqramlarında hər bir musiqiçi yaradıcı potensialını və sənətlərinə can yanğısını göstərməyə nail oldu.

Üzeyir bəy soraqlı daha bir musiqi bayramı tarixə qovuşsa da, festivalın yaratdığı duyğular, alqışlar, səhnə sevincləri uzun müddət xatirələrdən silinməyəcək.

Lalə AZƏRİ