Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi teatr təhsili sahəsində islahatların aparılması, kadr potensialının yüksəldilməsi məqsədilə “Gənc teatr prodüserləri üçün laboratoriya” layihəsinə başlayıb.

Mədəniyyət Nazirliyinin Rusiya Dövlət Teatr Sənəti İnstitutu (QİTİS) ilə birgə təşkil etdiyi prodüserlər üçün laboratoriya Azərbayanda teatr menecmentinin və prodüserlik strukturunun inkişafı, teatr idarəetməsi sahəsində gənc nəslin bilik və bacarıqlarının artırılması məqsədini qarşıya qoyur. Laboratoriya Mədəniyyət Nazirliyinin strateji hədəflərə istiqamətlənmiş silsilə layihələrinin davamıdır.

YARAT Müasir İncəsənət Məkanında təşkil ediləcək laboratoriyada teatr təhsili sahəsində dünyanın nüfuzlu ali məktəblərindən olan QİTİS-in prodüserlik sahəsi üzrə zəngin təcrübəyə malik pedaqoqları Yelena Simurzina, Aleksandra Knyazeva, Elşən Məmmədov müasir teatr menecmenti və prodüserlik fəaliyyəti ilə bağlı bilik və bacarıqlarını bölüşəcəklər. Menecment və prodüserlik sahəsinə maraq göstərən gənclərə laboratoriyada pulsuz iştirak etmək imkanı yaradılır.

Qeyd edək ki, təlimlərə qoşulmaq istəyənlərin çoxluğu nəzərə alınaraq, müraciət müddəti 15 oktyabr tarixinədək uzadılıb. Təlimlərin vaxtı isə 24-31 oktyabr tarixinə keçirilib.

İştirak etmək istəyənlər qeyd olunan (15 oktyabr) tarixədək müraciət formasını dolduraraq k.jafarova@mct.gov.az elektron poçt ünvanına göndərə bilərlər.