Azərbaycan mədəniyyətinə itki üz verib. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) nəzdində fəaliyyət göstərən "Azərbaycan qızları" rəqs ansamblının bədii rəhbəri, Azərbaycan və Özbəkistanın Əməkdar artisti Kövkəb Əliyeva 30 sentyabr 2021-ci ildə, 86 yaşında vəfat edib.

Əslən azərbaycanlı olan Kövkəb Əliyeva 1935-ci ildə İranın Məşhəd şəhərində anadan olub. Sonra ailəsi Özbəkistana köçüb. O, Daşkənd Dövlət Xoreoqrafiya Məktəbini bitirib. Daha sonra Özbəkistanda tanınmış musiqiçi Batır Zakirovun estrada orkestrində işləyib. 2002-ci və 2005-ci illərdə keçirilmiş "Özbəkistan bizim ümumi evimizdir" festivallarının laureatı olan Kövkəb Əliyeva "Mexrijon" xeyriyyə fondunun həmsədri idi.

K.Əliyeva 50 ildən artıq Özbəkistanda Azərbaycan mədəniyyətini geniş təbliğ edib, qardaş ölkədəki diasporumuzun idarə heyətinin üzvü olub. Təşkil etdiyi dərnəklərdə yüzlərlə azərbaycanlı, özbək uşaq və gəncə rəqslərimizi öyrədib. Onun rəhbərlik etdiyi rəqs ansamblı Özbəkistanda keçirilən dövlət tədbirlərində, beynəlxalq festivallarda, el şənliklərində milli rəqslərimizi yüksək səviyyədə təbliğ edib. AMM tərəfindən Özbəkistanın Səmərqənd, Fərqanə, Margilan, Xivə, Urgənc, Sırdırya, Gülüstan şəhərlərində keçirilən Azərbaycan mədəniyyəti, musiqisinə həsr olunmuş tədbirlərdə ansablın çıxışları yerli əhali tərəfindən rəğbətlə qarşılanıb.

K.Əliyeva mədəniyyətimizin təbliğində xidmətlərinə görə 2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycanın Əməkdar artisti” fəxri adına layiq görülüb.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sərəncamı ilə 2016-cı ildə “Dostluq” ordeni ilə təltif olunub. O, eyni zamanda 2017-ci ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə mükafatlandırılıb.

Allah rəhmət eləsin.