Heydər Əliyev Mərkəzi, “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Medianın İnkişafı Agentliyi (MEDİA), Media Təhlil Mərkəzi (MTM) və Azərbaycan Fotoqraflar Birliyinin (AFB) təşkilatçılığı ilə “Vətən müharibəsi – qələbənin simaları” adlı fotomüsabiqə başlayır.

Müsabiqənin məqsədi 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğaldan azad olunması zamanı yaşanmış hadisələri, zabit və əsgərlərimizin döyüş tapşırıqlarını yerinə yetirərkən qəhrəmanlıqlarını fotolar vasitəsilə geniş ictimaiyyətə bir daha çatdırmaqdır.

Münsiflər heyəti müsabiqəyə təqdim olunan fotoları peşəkar və həvəskar çəkiliş kateqoriyaları üzrə aşağıdakı nominasiyalara uyğun qiymətləndirəcək:

  • Qələbənin simaları;
  • Müharibə dağıntıları;
  • Müharibə xatirələri;
  • Ziyarətçilərin baxış və bəyənmələri üzrə (qaliblər sosial mediadakı bəyənilmə sayı ilə müəyyən ediləcək).

Müsabiqəyə təqdim edilən bütün fotolar müsabiqə müddətində “İnstagram”da “foto.musabiqe” səhifəsində paylaşılacaq.

Səsvermənin son tarixi: 7 noyabr 2021-ci il.

Müsabiqənin yekununda – noyabrın 8-də Heydər Əliyev Mərkəzində seçilmiş fotolardan ibarət sərgi təşkil olunacaq.

Müsabiqədə iştirak etmək istəyən şəxslər fotoları 2021-ci il noyabrın 1-dək fotomusabiqe@mtm.az e-mail ünvanına göndərməlidir. Əlavə məlumatı “Regional İnkişaf” İctimai Birliyinin “150” Çağrı Mərkəzi və ya +99412 5050150, +99412 5056001 telefon nömrələri ilə əlaqə saxlamaqla əldə etmək olar.