İki ölkənin müvafiq nazirlikləri arasında “2021-2024-cü illər üçün mədəniyyət sahəsində əməkdaşlıq haqqında Proqram” imzalanıb

 

Əlbəttə ki, ölkələrimiz arasında siyasi əlaqələrin gücləndirilməsi nəinki təkcə bizim xalqlarımız üçün, eyni zamanda, bütün region üçün önəmlidir. Mən bəzi məlumatlara nəzər saldım və gördüm ki, iqtisadi inkişaf sahəsində bizdə yaxşı irəliləyiş var, ticarət dövriyyəsi artır. Bu gün hökumətlərarası komissiyanın iclası olacaq. Mən əminəm ki, bu iclasda bir çox mühüm sahələr əhatə olunacaq, görülmüş işlərə nəzər salınacaq və gələcək addımlarımız planlaşdırılacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sözləri sentyabrın 29-da ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşü zamanı deyib.

Gürcüstan Baş nazirinin bu il artıq ikinci dəfə Azərbaycana səfər etdiyini, həmçinin ikitərəfli münasibətlərin mühüm məsələlərinin müzakirəsini apardığımız bir neçə telefon danışığının olduğunu qeyd edən Prezident İlham Əliyev bildirib ki, iki qardaş ölkə arasında siyasi dialoq həmişə fəal olub və indi də fəal olmaqda davam edir: “Biz xarici siyasətlə bağlı məsələlərdə sıx əməkdaşlıq edirik, xüsusilə indi yeni çağırış və imkanlar olan regionumuzda”.

Azərbaycan Prezidenti daha sonra deyib: “Ölkənizdəki çox müsbət investisiya mühiti, sizə bir çox sosial və iqtisadi məsələləri həll etməyə imkan verən iqtisadi islahatlar bizi çox məmnun edir. Həmçinin hökumətinizi Gürcüstandakı bütün sahələrdəki inkişafla bağlı əldə etdiyiniz böyük uğur münasibətilə təbrik etmək istəyirəm. Biz dost və qardaş olaraq bu inkişaf proseslərini görməyə çox şadıq, yeni səylərinizdə şəxsən sizə və hökumətinizə uğurlar arzulayırıq.

Əlbəttə ki, biz bu gün neft və qaz, elektrik enerjisi, nəqliyyat sahələri kimi əməkdaşlığımızın ənənəvi sahələri haqqında da danışacağıq. Bunlar artıq həyata keçirilmiş layihələrdir və indi biz bu layihələrin faydasını görürük. Bu, bizim ölkələrimiz arasında əməkdaşlığın çox xüsusi formatını yaradıb. Çünki bu layihələr təkcə bizim ölkələrimiz üçün deyil, Avrasiya regionunda bir çox ölkələr üçün əhəmiyyət kəsb edir. Əminəm ki, bugünkü səfər əməkdaşlığımıza yeni təkan verəcək”.

Bakıya növbəti gəlişindən məmnuniyyət hissi keçirdiyini vurğulayan İrakli Qaribaşvili bildirib ki, bu, mükəmməl olan ikitərəfli əlaqələrimiz barədə danışmaq üçün böyük imkandır. “Qeyd etdiyiniz kimi, biz dost, qardaşıq. Bu gün biz, həmçinin iqtisadi komissiyanın 8-ci iclasını keçirəcəyik və inkişafda olan ikitərəfli əlaqələrimizi müzakirə edəcəyik. Gürcüstan sözsüz ki, siyasi, iqtisadi, mədəni və digər sahələrdə ikitərəfli əlaqələrimizin güclənməsində maraqlıdır. Biz, həmçinin regionda sülh və sabitliyin olmasında maraqlıyıq. Bu, güclü iqtisadi inkişafın təməli olacaq”, – deyə o əlavə edib.

***

Qeyd edək ki, sentyabrın 29-da Bakıda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin sədrliyi ilə Azərbaycan Respublikası ilə Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib. Mədəniyyət naziri Anar Kərimov komissiyanın iclasında iştirak edib.

İclasda gündəlikdə duran məsələlərə dair məruzələr dinlənilib, geniş fikir mübadiləsi aparılıb. Həmçinin iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən informasiya texnologiyaları, kənd təsərrüfatı, mədəniyyət, təhsil və turizm sahələrində ikitərəfli əməkdaşlığın perspektivləri geniş müzakirə edilib.

Baş nazir Əli Əsədov çıxışında diqqətə çatdırıb ki, mədəni və humanitar sahə Azərbaycan-Gürcüstan əməkdaşlığının əsas istiqamətlərindən biri olaraq qalır. Azərbaycan Gürcüstanla mədəniyyət sahəsində əməkdaşlığı gücləndirmək niyyətindədir: “Məlum olduğu kimi, Azərbaycanın mədəniyyət naziri bu yaxınlarda Gürcüstanda səfərdə olmuşdur və səfər çərçivəsində həm sizinlə, həm də ölkənizin digər rəsmi şəxsləri ilə bir sıra səmərəli görüşlər keçirmişdir. Bu görüşlərdə hər iki ölkənin mədəni irsinin qorunması məsələsi diqqət mərkəzində olmuşdur. Biz, həmçinin insanlar arasında təmaslara da böyük əhəmiyyət veririk. Azərbaycanda yaşayan gürcülərin və Gürcüstanda yaşayan azərbaycanlıların əlaqələrimizin inkişafında çox böyük rolu var. Azərbaycan və Gürcüstan çoxmillətli, çoxkonfessiyalı ölkələrdir və bu, bizim böyük sərvətimizdir”.

İclasın sonunda Əli Əsədov və İrakli Qaribaşvili Azərbaycan Respublikası ilə Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasının Protokolunu imzalayıblar. İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıqla bağlı sənədlər, o cümlədən “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyi arasında 2021-2024-cü illər üçün mədəniyyət sahəsində əməkdaşlıq haqqında Proqram” imzalanıb.