Sentyabrın 30-da xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə işgüzar səfərdə olan Çex Respublikasının xarici işlər naziri Yakub Kulhanek ilə görüşüb.

Nazir Ceyhun Bayramov ölkəmizin Çex Respublikası ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirib. Yakub Kulhanek öz növbəsində Azərbaycanın Çexiya üçün vacib tərəfdaş ölkə olduğunu qeyd edib. O, səfər çərçivəsində biznes forumun açılışında iştirakını məmnunluqla qeyd edərək, hər iki tərəfdən çox sayda şirkətin iştirak etdiyi bu tədbirin ölkələrimiz arasında iqtisadi münasibətlərin inkişafı üçün önəmli olduğunu bildirib.

Görüşdə ölkələrimiz arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın fəaliyyəti, parlament ölçüsü üzrə əlaqələrin genişləndirilməsi, habelə humanitar, turizm sahələrində münasibətlərin daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb. Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Ceyhun Bayramov həmkarına bölgədə mövcud olan postmünaqişə mərhələsi və ən son vəziyyət, o cümlədən Azərbaycan tərəfinin Ermənistan işğalından azad etdiyi ərazilərində həyata keçirdiyi bərpa, quruculuq, reinteqrasiya işləri barədə məlumat verib.

Yakub Kulhanek bölgədə sülh və təhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulayıb və Çexiya şirkətlərinin bərpa və quruculuq prosesində iştirak etmək marağını ifadə edib.