Prezident İlham Əliyev sentyabrın 30-da “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncam sürətli inkişaf üçün zəruri olan müasir bacarıqlara malik insan kapitalının yaradılması, bu çərçivədə istedadlı gənclərin xarici ölkələrdə təhsil almasına dövlət dəstəyinin davam etdirilməsi məqsədilə imzalanıb.

Sərəncamda qeyd olunur ki, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş xaricdə təhsil ənənəsi Azərbaycan müstəqillik qazandıqdan sonra da uğurla davam etdirilib. “Qara qızıl”ın insan kapitalına çevrilməsi strategiyası təhsillə əhatənin və ona əlçatanlığın artmasına, bu çərçivədə gənclərin qabaqcıl xarici təhsilə cəlbinin müxtəlif proqramlarla dəstəklənməsinə mühüm imkanlar yaradıb.

Gənclərin xarici təhsilə cəlbi ölkənin sosial-iqtisadi həyatına, eləcə də insan kapitalının milli sərvətdə payının böyüməsinə, təhsilin məzmun və keyfiyyətinin yaxşılaşmasına, Azərbaycan Respublikası ali təhsil müəssisələrinin akademik potensialının güclənməsinə əhəmiyyətli töhfə verib.

Postpandemiya və yeni strateji dövrün çağırışları, həmçinin milli inkişaf məqsədlərimiz nəzərə alınmaqla, ölkənin rəqabət və inkişaf sahəsində sürətlə irəliləməsi üçün yüksək intellekt cəmiyyətin əsas güc mənbəyinə çevrilməli, yenilikçi təbəqənin iqtisadi fəallıq və idarəçilikdə rolu möhkəmlənməlidir. Bu məqsədlə Azərbaycan gənclərinin ehtiyac duyulan istiqamətlər üzrə qabaqcıl xarici ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alması davamlı olmalıdır.

Sərəncamda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramının layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.